
BAKI, 17 mart. TELEQRAF
İlin əvvəlindən indiyədək dövlət qurumları xidməti avtomobillərin benzin təminatı məqsədilə müqavilə bağladıqları yanacaq doldurma şirkətlərinin adları bəlli olub. Üstünlük əsasən, "Azpetrol LTD" MMC, "SOCAR Petroleum" QSC və "NP Petrol" MMC-yə verilib.
Teleqraf xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və tabeliyindəki qurumlar "Azpetrol LTD" MMC-dən 4800-5040 manat məbləğ aralığında, Maliyyə Nazirliyi və onun rayon şöbələri – Saatlı, Göyçay, Astara, Tərtər, Balakən və digər rayonlar üzrə maliyyə idarələri 3 348 - 5 000 manat məbləğ aralığında, Qusar, Qəbələ, Mingəçevir, Saatlı rayonların icra hakimiyyətləri isə 5 000-17 500 manat məbləğ aralığında benzinin satın alınması ilə bağlı illik müqavilə imzalayıblar. Təkcə, Oğuz Rayon icra hakimiyyəti isə 1 həftə üçün 9 600 manat dəyərində Aİ-95 markalı benzin alıb.
Yanvarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xidməti avtomobilləri üçün "Azpetrol LTD" MMC ilə 22 min 633 manat dəyərində benzinin alışı ilə bağlı müqavilə imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bu ilin sonunadək "Azpetrol LTD" MMC -dən 43 min 379 manatlıq benzin alacaq. Energetika Nazirliyi və digər qurumlar da həmçinin xidməti avtomobilləri üçün Aİ-95 markalı benzinin alınması məqsədilə "Azpetrol LTD" ilə müqavilə imzalayıblar. Nazirlik, bu ilin dekabrına qədər benzinin alışına 30 min 400 manat məbləğ vəsait xərcləyəcək.
"SOCAR Petroleum" QSC ilə bağlanan satınalma müqavilələrinin dəyəri bir qədər yüksəkdir. Belə ki, "Azərbaycan İnvestisiya Holdinqi" Publik Hüquqi Şəxs bu ilin əvvəlindən sonuna qədər "SOCAR Petroleum" QSC-dən 11 200 manat dəyərində, "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi" 80 000 manat dəyərində, DİN Polis Akademiyası isə 25 000 manat dəyərində benzin satın alacaq.
Naxçıvanda fəaliyyət göstərən dövlət qurumları - Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bir qayda olaraq Muxtar Respublikada fəaliyyət gösətərən "NP Petrol" MMC ilə əməkdaşlığa qərar veriblər. Sözugedən qurumlar ilin sonunadək benzin təminatı üçün şirkətlə ümumilkdə, 251 min 702 manatlıq razılaşma əldə ediblər.
Qeyd edək ki, “NP Petrol” MMC 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 000 manat olan şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri Əliabad qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Aziz Hasan Surkitdir. “NP Petrol” MMC-nin adı daha əvvəl “Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “N.P.-2” MMC olub. 2023-cü ilin mayında Naxçıvanda dövlət qeydiyyatına alınan 9 şirkət ləğv olunaraq bu şirkətə birləşib.
Bu il dövlət qurumları "Azpetrol LTD" MMC, "SOCAR Petroleum" QSC və digər iri şirkətlərdən deyil, hüquqi şəxslərdən də benzin alacaqlar. Məsələn, "Dövlət İmtahan Mərkəzi" Publik Hüquqi Şəxsi Hüseynov Fərmail Zeyqəm oğlu ilə gələn ilin fevralına qədər 1 760 manatlıq, "Balakən Kommunal Müəssisələri Kombinatı" MMC Qadalov Malik Şahruddin oğlu ilə bu ilin sonuna qədər 62 750 manatlıq, Ucar Rayon Statistika İdarəsi və rayonun "İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi" isə həmçinin il sonuna qədər Kərimov Anar Vaqif oğlu ilə toplam 4 300 manatlıq benzin yanacağının alışına dair müqavilə imzalayıblar.
Əlavə olaraq, Xaçmaz Rayon Statistika İdarəsi "AZİN OİL" MMC-dən 2 822 manat məbləğində benzin alıb. Qazax Rayon Statistika İdarəsi il sonuna qədər benzin təminatı üçün "Turan" MMC ilə 2 750 manatlıq razılaşma əldə edib. Zaqatala Rayonu İcra Hakimiyyəti isə "Qafqaz-oil" MMC ilə gələn ilin martına qədər olacaq şəkildə 18 480 manatlıq benzin alışı üçün müqavilə bağlayıb.