BAKI, 28 fevral. TELEQRAF

Bu gün 400-dən artıq hakimin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, qonaqların və media mənsublarının iştirakı ilə Azərbaycan Hakimlərinin ilk Forumu öz işinə başlayır.

Teleqraf xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, forum aparılacaq diskussiyalar və faydalı fikir mübadiləsi baxımından əhəmiyyətli olacaq:

"Bütün sahələrdə həyata keçirilən mütərəqqi işlər məhkəmə-hüquq sahəsindən də yan keçməyib. Müasir dövrün qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsinin təməl prinsiplərinin qorunması ilə yanaşı, daim yenilənən yanaşmaların tətbiqini zəruri edir. Bu isə öz növbəsində qanunun aliliyini təmin edəcək mexanizmlərin işlək və səmərəli olmasını, məhkəmələrə etimadın möhkəmləndirilməsini, ədalət mühakiməsinə əlçatanlığın, şəffaflığın, habelə hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsini şərtləndirir.

Bununla yanaşı, insan hüquqlarının müdafiəsini təmin edən ən qabaqcıl standartların milli sistemlərə gətirilməsi və ortaya çıxan yeni çağırışlara uyğun çevik məhkəmə siyasətinin formalaşdırmasını tələb edir".

İnam Kərimovun sözlərinə görə, Məhkəmə-Hüquq Şurası ölkədə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə hakim korpusunun yeni nəsil gənc hüquqşünaslarla komplektləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq, ilk növbədə hakimliyə namizədlərin seçim prosedurunu təkmilləşdirməklə bu prosesin daha çevik xarakter almasına nail olunub:

"Görülmüş tədbirlər nəticəsində ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb ki, bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir. Namizədlərin təyinat yerini topladıqları bala uyğun özlərinin seçmələri isə bu sahədə şəffaflığın və obyektivliyin, eləcə də ictimai inamın artırılmasında mühüm rol oynayıb. Bu istiqamətdə aparılmış işlər yuxarı instansiya məhkəmələrində mövcud vakansiyaların peşəkar kadrlarla komplektləşdirilməsinə də imkan verib ki, bu çərçivədə 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib.

Hakimlərin vəzifədə irəli çəkilməsi, iş yerinin dəyişdirilməsi, yaxud tutduğu vəzifədən azad olunmasının obyektiv və şəffaf meyarlara əsasən həyata keçirilməsi, habelə onların tədris ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə ötən il bütün instansiya məhkəmələri hakimlərinin təmsil olunduğu Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb".

O qeyd edib ki, hakimlərimizin məhkəmə daxili ixtisaslaşmalarının dəyişdirilməsi kimi həssas məsələ də hakimin fikrinin öyrənilməsi şərti ilə artıq müstəqil Komitənin səlahiyyət dairəsinə daxil edilib.