TBİLİSİ, 28 fevral. TELEQRAF
Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyi (BMBF) Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi və digər qurumlarla əməkdaşlığı dayandırıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, buna səbəb Gürcüstanın Avropa yolundan yayınmasıdır.
“BMBF eyni zamanda Gürcüstan hakimiyyətinin daxili deeskalasiya, akademik sahədə azadlığın bərpası və avrointeqrasiya yoluna qayıdış istiqamətində nəzərəçarpacaq addımlar atacağı təqdirdə dialoqun bərpasına açıqdır”, - məlumatda deyilir.
Səfirlikdən, həmçinin bildirilib ki, Gürcüstan və Almaniya arasında tələbə mübadiləsi davam etdiriləcək.
Xatırladaq ki, ötən ilin dekabrında Almaniya Gürcüstanla iqtisadi əməkdaşlığı dayandırıb.