BAKI, 28 fevral. TELEQRAF

"Atam gecə saatlarında Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişdi. Bu gün Maştağa qəbiristanlığında dəfn ediləcək".

Bu sözləri Teleqraf-a tanınmış filosof-kulturoloq Niyazi Mehdinin oğlu Toğrul Mehdi deyib.

"Atamın cənazəsi Göy məsciddən qəbiristanlığa aparılacaq. Yas mərasimi martın 2-də Təzə pir məscidində keçiriləcək", - deyə bildirib.

***

08:42

Tanınmış filosof-kulturoloq, fəlsəfə elmləri doktoru Niyazi Mehdi bu gecə vəfat edib.

Teleqraf-ın xəbərinə görə, bu barədə onun yaxınları məlumat veriblər.

N.Mehdi Mərkəzi Gömrük Xəstəxanasında açıq ürək əməliyyatı keçirib və reanimasiya şöbəsinə köçürülüb. Daha sonra vəziyyəti pisləşib və fevralın 27-dən 28-nə keçən gecə vəfat edib.

Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən N.Mehdi bir müddət öncə Mərkəzi Gömrük Xəstəxanasında əməliyyat olunmuşdu. O, fevralın 6-da evə buraxılmışdı.

Filosof, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi N.Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində anadan olub.

O, ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edib. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olub. Dövri mətbuatda müntəzəm çıxış edir. N.Mehdi Teleqraf İnformasiya Agentliyi ilə də uzun müddət əməkdaşlıq edib.

Allah rəhmət eləsin!