BAKI, 28 fevral. TELEQRAF

Yevlax rayonunda 1985-ci il təvəllüdlü Sadiq qısqanclıq zəminində mübahisə zamanı həmyerlisi Kamalı (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Sadiq rəsmi nikahda olduğu, lakin ayrılıqda yaşadığı 1992-cu il təvəllüdlü Fərqanənin başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələnib. O, xəyanətin olub-olmadığını dəqiqləşdirmək məqsədi ilə arvadını güdmək qərarına gəlib.

7 yanvar 2023-cü ildə günorta təxminən saat 14 radələrində Fərqanənin yaşadığı binadan çıxaraq övladını bərbər salonuna apardığını görüb, onları uzaq məsafədən izləyib. Fərqanə uşaqla bərbər salonunun yaxınlığına çatanda əvvəllər tanıdığı Kamalın avtomobili ilə həmin həndəvərdə hərəkət etdiyini görüb, onunla salamlaşıb.

Arvadı və oğlunun gözdən yayındığını görəndə onları axtarmağa başlayıb. Fərqanənin anası ilə birlikdə yaşadığı binanın qarşısına gəlib. Arvadının mənzilə nə vaxt qayıdacağını müşahidə etmək üçün orada gözləyib.

Sadiq saat təxminən 16 radələrində Fərqanənin uşaqla binanın girişindən içəri daxil olduğunu görüb, mənzilin qarşısına getsə də, içəri girməyib, geri dönüb. Gecə arvadının yaşadığı mənzilə kiminsə gəlib-gəlmədiyini izləmək məqsədilə binanın zirzəmisində gizlənib.

Bir müddət sonra üzünü görə bilmədiyi bir kişinin binanın girişindən daxil olaraq Fərqanəgillə üzbəüzdə yaşayan baldızının mənzilinə girdiyini görüb. Kişinin arvadı ilə baldızının mənzilində sevgi münasibətlərində olmasından şübhələnib.

Sadiq anasının mənzilinə qayıdıb, mətbəxdən bıçaq götürərək yenidən zirzəmiyə gəlib, orada bayaqkı kişinin eşiyə çıxmasını gözləyib. Yanvarın 8-də gecə saat 00:15-də kişi mənzildən çıxıb. Sadiq zirzəmidən eşiyə adlayıb, təxminən 50-60 metr getdikdən sonra kişinin kimliyini öyrənmək üçün qolundan tutaraq özünə tərəf çəkəndə onun günorta saatlarında bərbər salonunun yaxınlığında gördüyü Kamal olduğunu bilib. Kamala: “Utanmırsan, ailən, uşağın yoxdur? Maşının və pulun var deyə kiminsə arvadını belə etməlisən?” - deyib.

Kamalın binadan çıxdığını inkar etməsinə əsəbləşib və onu öldürmək niyyətini qətiləşdirib. Üzərində olan bıçaqla Kamala çoxsaylı zərbələr vurub. Ümumilikdə 24 bıçaq zərbəsi alan Kamal vəfat edib.

“Baldızımın onu yoldan çıxardığını düşündüm”

İstintaq orqanı tərəfindən Sadiqin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2009-cu ildə Fərqanə ilə rəsmi nikaha daxil olub, birgə nikahlarında üç uşaqları olub:

“Təxminən 2021-ci ilə kimi arvadımla münasibətlərim normal olub, son iki ildə isə faktiki ər-arvad kimi yaşamamışıq. Arvadımın bacısı Vəfa ilə mütəmadi telefon əlaqəsi saxladığına görə baldızımın onu yoldan çıxardığını düşündüm, mənə kiminləsə xəyanət etdiyindən şübhələndim. Fərqanəni kənardan izləmək qərarına gəldim.

Mən gündüzlər arvadımla birlikdə yaşayır, axşamlar isə anamın mənzildə qalırdım. Hadisə gününə qədər arvadımın xəyanətini aşkar etməmişəm”.

“Bərbəxananın yaxınlığına gəldim”

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti günlərin birində səhər saat 8 radələrində anasının evində oyanıb, səhər yeməyi yeyərək ailəsinin yaşadığı mənzilə gedib:

“Arvadım məni evə buraxmadı, bir daha bura gəlməməyimi bildirdi. Geri qayıdarkən qızlarım mənə analarının azyaşlı oğlumu bərbərə aparacağını bildirdilər. Saat 14 radələrində binanın başında dayanıb arvadımın evdən çıxmasını gözlədim. Yevlax dəmir yolu vağzalının yaxınlığında bərbərdə arvadıma bənzəyən qadını və azyaşlı oğlumun saçını kəsən bərbəri izlədim. Bərbərbaxana tərəfdə bir müddət gözlədim.

Fərqanənin bərbərxanadan çıxıb getməsi gözümdən yayınmışdı. Həmin vaxt Kamalı “Nissan” markalı maşınıyla bərbərxananın yaxınlığında davamlı hərəkət edən gördüm. Bir-birimizi tanıdığımıza görə onunla salamlaşdım. Onunla əvvəllər aramızda hansısa narazılıqlar olmayıb.

Anamın evinə qayıdıb gecə düşməsini gözlədim. Sonra kənardan Fərqanənin evə qayıdışını gözlədim. Saat 16 radələrində evə qayıdan qadının arvadım yox, onunla qarşı mənzildə yaşayan baldızım Vəfa olduğunu, uşağın da oğlum deyil, Vəfanın oğlu olduğunu gördüm”.

“Evə kişi girdi”

Sadiqin ifadəsinə görə, Vəfanın arvadı Fərqanəni pis yola çəkdiyinə şübhələndiyinə görə saat 23 radələrində anasının yaşadığı binadan çıxıb, öz yaşadığı mənzilin blokuna gedib:

“Beton pilləkənin altına girdim və orada dayandım. Bir neçə dəqiqə sonra baldızım Vəfa yaşadığı mənzilin qapısını açaraq əlində fənərlə bloka baxdıqdan sonra telefonda danışdığı şəxsə “gəl, heç kim yoxdur” dedi. Sonra mənim ailəmin yaşadığı evin qapısını döydü.

Fərqanə qapıya çıxanda Vəfa internetinin parolunu istədi. Bu zaman başında qara papaq olan orta yaşlı bir kişinin bloka daxil olduğunu gördüm. Gizləndiyim üçün o məni görmədi. Vəfa internetin parolunu Fərqanədən soruşduqdan sonra həmin kişini evinə salaraq qapını örtdü. Vəfanın həmin şəxslə münasibəti olduğunu anladım.

Arvadımın da bir azdan Vəfanın evinə keçəcəyindən və mənə xəyanət edəcəyindən şübhələndim. Anamın yaşadığı evə qayıtdım, mətbəxdən bıçaq götürdüm və binanın blokuna gəldim. Yenə pilləkənin altında gözlədim”.

“Kürəyi üstə yıxıldı, amma hələ ölmədi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, gecəyarısı Vəfanın mənzilinin qapısı açılıb: “Mənzildən çıxan kişi yanımdan ötüb keçdi. Mən də onun ardınca həyətə çıxdım, təxminən 30-40 metr dalınca getdikdən sonra anidən sol qolundan tutdum. Onu özümə tərəf çevirdim və biz qarşı-qarşıya dayandıq. Həmin şəxsin Kamal olduğunu gördüm.

“Utanmırsan, ailən-uşağın yoxdur? Maşının və pulun var deyə kiminsə arvadı ilə olmalısan?”- deyə ona bildirdim. Kamal Vəfanın evindən çıxdığını inkar etdi. Aramızda mübahisə yarandı, biri-birimizi itələməyə başladıq. Bıçağı çıxarıb Kamalın sinə və ürək nahiyəsinə bir neçə zərbə endirdim. Zərbənin təsirindən mətbəx bıçağının tiyə hissəsi dəstəyindən aralandı.

Arxaya dönüb dizimi yerə qoydum və bıçağın tiyəsini axtardım. Kamal belimi qucaqlayaraq ucadan Sabir adlı şəxsi səsləməyə başladı. Sonra kürəyi üstə yerə yıxıldı. Lakin hələ hərəkətinə davam etdi”.

“Kamal ölməmişdən kiməsə zəng etmək istədi”

Sadiq qeyd edib ki, arvadı Fərqanənin Kamal ilə cinsi əlaqəsinin ola biləcəyini ağlına gətirib və daha da əsəbləşib: “Buna görə yenidən yaxınlıqdakı binaya, anamın yaşadığı mənzilə getdim, mətbəxdən başqa bıçaq götürüb təkrar həyətə, Kamalın yanına düşdüm. Kamal hələ də kürəyi üstə yerdə uzanmış vəziyyətdə hərəkətdəydi.

Mətbəx bıçağı ilə Kamalın qarın və sinə nahiyələrinə daha bir neçə zərbə endirdim. Bıçaq əlimdən düşdü. Gecə olduğu üçün bıçağı tapa bilmədim. Təkrar anamın yaşadığı evə getdim, mətbəxdən tiyəsi qısa bıçağı götürərək geri qayıtdım. Kamalın bədən nahiyəsinə bir neçə zərbə də endirdim. Bıçağın tiyəsi dəstəyindən ayrıldığı üçün yenidən anamın evinə getdim, dəhlizdə olan şkafdan qayçını götürdüm və aşağı düşdüm. Kürəyi üstə yerdə uzanan Kamalın baş və yan nahiyələrinə qayçı ilə çoxlu zərbələr vurdum. Qayçının da qulpu sındı.

Bu vaxt Kamal ağzı üstə çönərək əlindəki telefonla kiməsə zəng etməyə çalışdı. Qəfil hərəkətsiz vəziyyətdə qaldı. Onun öldüyünü başa düşdüm. Səs-küyə aşağı binada yaşayan Vasif, Murad, Elmar və digər xatırlamadığım şəxslər gələrək məni Kamaldan aralaşdırdılar.

Əsəbi şəkildə baldızım Vəfanın yaşadığı mənzilə getdim, dəmir giriş qapısını döydüm. Qapını döydükdə əlimdəki qan dəmir qapının üzərinə yaxıldı. Qapını açan Vəfaya “utanmırsan, pozğunluq edirsən?” dedim. Vəfa yatılı olduğunu və təzəcə oyandığını bildirdi. Kamalın onun evindən çıxdığını gözümlə gördüyümü dedim. Vəfa bunu boynuna almadı.

Anamın yaşadığı evə getdim, ayaqqabımı geyindikdən sonra Yevlax Rayon Polis Şöbəsinə gələrək könüllü təslim oldum”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sadiq 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi müəyyən edilib.