BAKI, 28 fevral. TELEQRAF

Niyazi Mehdinin harada dəfn olunacağı hazırda dəqiqləşdirilir. Yaxınları Maştağa qəbiristanlığında dəfn edilib, orada yer olmadığı üçün Qurd qapısı qəbiristanlığında yer axtarılır.

Bu sözləri Teleqraf-a açıqlamasında "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.

Onun sözlərinə görə, Niyazi Mehdinin cənazəsi hazırda Göy məsciddədir və son mənzilə saat 14:00-da yola salınacaq.

"Ayağı amputasiya olunmalı idi, amma ürəyi zəifləmişdi deyə həkimlər birinci ürəyindən əməliyyat barədə qərar verdilər. Dünən Mərkəzi Gömrük Hospitalında ürəyindən əməliyyat olundu. Həkimlər əməliyyatdan sonra vəziyyətinin qənaətbəxş olduğunu desələr də, gecə oğluna zəng ediblər ki, vəfat edib.

Ürək əməliyyatının xərci 30 min manatdan çox idi, sevindik ki, icbari tibbi sığorta hesabına əməliyyata götürüldü. Çox təəssüf ki, onu itirdik. Niyazi Mehdinin itkisi yalnız yaxınlarının deyil, Azərbaycanın bütün düşünən insanlarının itkisidir. O, Azərbaycan düşüncəsində öz yeri olan, son ana qədər işləməyi bacaran, yazan-yaradan insan idi".

Filosof, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi N.Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində anadan olub.

O, ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edib. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olub. Dövri mətbuatda müntəzəm çıxış edir. N.Mehdi Teleqraf İnformasiya Agentliyi ilə də uzun müddət əməkdaşlıq edib.

Allah rəhmət eləsin!