BAKI, 28 fevral. TELEQRAF

Fevralın son günündə cari ilin növbəti planetlər paradı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, paradda 7 planetin hər biri iştirak edəcək ki, bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanırlar. Lakin planetlərin konfiqurasiyası isə kosmosda tamamilə fərqli olur.

Bu axşam baş tutacaq planetlərin böyük paradını Günəş batdıqdan dərhal sonra təxminən bir saatlıq müddət ərzində izləmək olacaq. Belə ki, Bakı vaxti ilə Günəş saat 18:31-da batacaq, Günəşin batmasının ardınca isə artıq Saturn, Merkuri və Neptun qərbdə Günəş batdığı yerdə üfüq yaxınlığında olacaqlar. Onlardan fərqli olaraq Uran gecə yarısınadək, Yupiter 02:11-dək, Mars isə bütün gecə boyu görünəcəkdir.

Qeyd edək ki, 21 yanvar paradında Merkuri iştirak etmirdi və 11 avqustda baş tutacaq növbəti paradda da artıq Mars olmayacaq.

Planetlərin səmadakı mövqeyini daha asan tapmaq üçün Sky Map, Stellarium və ya Sky Tonight kimi tətbiqlərdən istifadə etmək olar. Martın ilk günlərinədək bir neçə gün ərzində planetləri səmada bir yerdə izləmək mümkün olacaq. Növbəti dəfə 7 planetin də iştirak edəcəyi parad 2040-cı ildə olacaq.