
BAKI, 28 fevral. TELEQRAF
Bu günədək sertifikasiyadan keçməyən 5000-ə yaxın müəllimin işinə xitam verilib. Bu müəllimlərin sonrakı fəaliyyətləri necə olur? İşinə xitam verilən müəllimlər yenidən pedaqoji fəaliyyətlə məşğul ola bilərlərmi?
Teleqraf bu və digər suallara Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil eksperti Elmin Nuri ilə aydınlıq gətirməyə çalışıb. O, bu qərarın olduqca ədalətli olduğunu bildirib:
"4 il müddətində (2021-25) ölkə üzrə çalışan 150 mindən çox təhsilverənlərdən əhəmiyyətli hissəsi-təxminən 100 minə qədəri artıq sertifikasiya prosesində iştirak edib. Məlumdur ki, sertifikatlaşdırma müsabiqəsinə qatıldığı ilk cəhddə uğursuz nəticə göstərən, yəni, tapşırıqların heç 50%-nin də öhdəsindən gələ bilməyən (30 ballıq limiti keçməməklə) müəllimlərə növbəti il ikinci dəfə şans verildi. Yalnız bu dəfə, ardıcıl ikinci imtahandan kəsilən müəllimlərin isə əmək müqaviləsinə xitam verilir. Düşünürəm ki, bu kifayət qədər ədalətli qərardı. Çünki sertifikasiyadan müxtəlif fənlərə görə təqdim olunan sual nümunələri onsuz da ağırlıq dərəcəsinə görə çox da problemli test tapşırıqları deyil. Öz ixtisas fənni ilə bağlı səthi bilikləri olan müəllimin belə təqdim olunan 60 sualdan ən azı yarısına cavab vermək şansı var. Hələ bundan ötrü əlavə hazırlıq prosesini demirəm".
"Gənclər daha innovativ, daha yaradıcıdırlar"
Ekspertin sözlərinə görə birinci imtahanda minimal bal həddini keçə bilməyən müəllimlər üçün ikinci imtahana qədər, yəni bir illik müddət ərzində Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən ödənişsiz təlimlər təşkil edilir: "Müəyyən qədər bu təlimlərin də hazırlıq prosesinə böyük qatqısının olduğunu düşünürəm. Amma bütün bu imkanlara baxmayaraq, ixtisasını normal tədris etmək öhdəliyini daşımalı olan müəllim, əksinə öz sahəsinin ən səthi tapşırıqlarından xəbərsiz qalır və ikinci il ard-arda kəsilir. Odur ki, onların tədrisdən uzaqlaşdırılması, yerlərinə isə MİQ müsabiqəsində yüksək bilik və bacarıq göstərsələr də, vakant yer sayının azlığına görə işlə təmin oluna bilməyib namizəd kimi gözləmədə qalan xeyli sayda gənc müəllimləri dəvət etmək olar. Onlar tədrisə daha innovativ, daha yaradıcı və həvəsli yanaşacaq və faydalı olacaqlar. Bugünədək müəllimlərin sertifikatlaşdırılması müsabiqəsində iştirak edən müəllimlər arasında 5000 nəfəri hər iki cəhddə minimal balı toplaya bilməyib və bu da öz növbəsində onlarla olan əmək müqaviləsinə xitam verilməsilə nəticələnib. Biz təbii ki, işini itirən hər kəsə görə təəssüf edirik. Çünki hər bir şəxs həm də ailəsi və elə özü qarşısında, həm də sosial rifahı təmin edən qüvvədir. Amma məsələnin peşəkarlıq, etik norma, mənəvi tərəfləri də var".
E. Nuri vurğulayıb ki, tədris etdiyi ixtisası səthi də olsa bilməyən, bundan az qala, xəbərsiz olan şəxslərin işdən uzaqlaşdırılması daha doğru seçimdir:
"Amma onların arasında elələri də var ki, məktəb daxilində qeyri-pedaqoji, təşkilati və texniki işlərdə işləmək qabiliyyətinə malikdirlər. Bu kimi sabiq müəllimləri həm də o qəbildən olan işlərə cəlb etmək lazımdır.
Məsələn, ötən il Bakı şəhəri üzrə 50 bu cür şəxsin məktəblərdə müxtəlif vəzifələrlə təmin olunması haqqında rəsmi bildiriş verildi. Bakı şəhəri üzrə sertifikasiyadan 2-ci dəfə kəsilən və əmək müqaviləsinə xitam verilən müəllimlərin sayı isə ötən il üçün 141 nəfər olub. Onların 50-si başqa vəzifələrlə təmin olunublar. Düzü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bunun hansı vəzifə olduğu haqqında bir məlumat yaymadı. Açığı bu informasiya o qədər də vacib deyil. Çünki məktəblərdə əsas müəllimlik vəzifəsidir. Çox ehtimal ki, onlar texniki və təşkilati işlərlə məşğul olacaqlar. Misal olaraq laborant, kitabxanaçı, dərnək rəhbəri bura daxildir. Bir tərəfdən alqışlanacaq bir addımdır. Çünki onlar hər bir halda məktəb mühitini yaxşı bilən şəxslərdir.
Həmin jestin sertifikasiyadan kəsilən, artıq müəllim adını itirmiş şəxslər üçün bu il də atılmasını çox istərdik. 5000 sabiq müəllim arasından texniki-təşkilati işləri bilən, məktəbşünaslığın qeyri-pedaqoji istiqamətlərində daha səriştəli olacaq ən azı 500 şəxsin olmasına qəti şübhəm yoxdur”.