BAKI, 11 fevral. TELEQRAF

Hazırda işğaldan azad edilən ərazilərdə 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.

Teleqraf-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fevralın 11-də Xankəndi şəhərində keçirilən növbəti iclasında məlumat verilib.

Böyük Qayıdışın əsas komponentlərindən biri olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insanın yaşadığı və fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın dayanıqlı olması üçün aparılan bərpa və quruculuq işləri ilə yanaşı, köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində də zəruri işlərin görüldüyü bildirilib. Bununla yanaşı, əhali arasında təhsil və peşə bacarıqlarının artırılması üçün müxtəlif təlim və peşə kursları təşkil edilir.