![](https://teleqraf.az/storage/2025/02/11/715x378/77.jpg)
TBİLİSİ, 11 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Qarlı hava şəraitində avtomobildə köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərə köməkliyin göstərilməsi” mövzusunda təlim keçirib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən soyuq və qarlı hava şəraitində köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti olaraq yolun qarlı-buzlu olması səbəbindən avtomobilin “dərəyə sürüşmə təhlükəsinin” yaranması, sürücü və sərnişinin soyuq hava şəraitində köməksiz vəziyyətdə qalması ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər zərərçəkmişlərə müvafiq köməklik göstəriblər. Həmçinin, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.