.jpg)
BAKI, 10 fevral, TELEQRAF
“İkinci Dünya müharibəsi vaxtı mən Krım cəbhəsində idim, döyüşdə yaralandım və almanlara əsir düşdüm. O vaxt gərək üstündə heç bir kağız saxlamayaydın, çünki almanlar məcbur edirdilər ki, radioya çıxıb Sovet İttifaqı əleyhinə danışasan. Belə olanda isə Sovetlər həmin əsgərin ailəsini pis incidirdilər. Mənim də üstümdə kağız yox idi. Orada bir tatar tərcüməçi mənə kömək elədi, adı Əhməd idi. Sonradan bildim ki, Bakıda oxuyubmuş. Almanlara dedi ki, bu, rus deyil. Rus olsaydım, fikirləşmədən, yerindəcə güllələyəcəkdilər. Oradan əsir kimi Ukraynaya ayaqla apardılar bizi, oradan da Polşaya yolladılar. Adam yerinə qoymurdular, vaqonlara bizi donuz kimi doldururdular. Çox adam elə orada – vaqonlarda öldü. Çünki havası yox idi, su vermirdilər, ən böyük məsələ də elə su məsələsi idi. Orada başqa azərbaycanlılar da var idi, hərəni bir yana göndərirdilər, çoxları sağ qalmadı. Filmlərdə yəhudilər haqqında göstərilənlərin eynisini bizə ediblər. Polşaya gəldik, orada düşərgələrdən Almaniyaya göndərdilər. İndi həmin ərazi xəritədə Polşaya düşür. O vaxt Nuru paşa ora gəlmişdi. Həmin Nuru paşa ki, Bakını 1918-ci ildə azad etmişdi. Mənim əslim ermənistanlıdır, bunları eşitmişdim. “Paşam, Allah Sizi nereden saldı buraya?”- dedim. Qayıtdı ki, “Siz ne güzel türkce konuşuyorsunuz?” Dedim ki, “Efendim, ben azəri türküyüm”. Onda almanlar maraqlandı ki, mən necə olur ki, onunla sərbəst danışıram. Nuru paşa məni xilas etdi, almanlara dedi ki, bu lazımlı adamdır, ondan istifadə etmək lazımdır, kəndə göndərin, hərəkətə gəlsin. O vaxt almanlar türklərdən, şimali qafqazlılardan, azərbaycanlılardan istifadə edərək sovetlərə qarşı vuruşmaq üçün legionerlər düzəldirdilər. Məni yolladılar kəndə, 15-20 gün orada qaldım, bir az özümə gəldim, qaytardılar Polşaya düşərgəyə. Orada daha əsir kimi davranmırdılar, su və yemək verirdilər. Sonralar həyat yolları məni Fransaya gətirdi”.
Bu maraqlı taleni yaşayan şəxs II Dünya müharibəsinin iştirakçılarından azərbaycanlı Qədir Süleymandır. 2013-cü ildə “New BakuPost” qəzetinə verdiyi müsahibəsində yuxarıdakı maraqlı məqamları açıqlayıb.
O, 1917-ci il oktyabrın 10-da İrəvanda Zar kəndində doğulub. 1941-ci ildə Krımda – Feodosiya yaxınlığında gedən döyüşlərdə almanlara əsir düşüb. Krım, Polşa, Belarus, Almaniyadakı düşərgələrdə olub. Bu dövrdə alman məktəbində tərcüməçilik öyrənib, daha sonra dərziliklə məşğul olub. Fransada Bic ətrafındakı düşərgədə olarkən o da bir çox əsir kimi qaça bilib, partizanlara qoşulub. Üç-dörd ay Fransa partizanları ilə birgə mübarizə aparıb, alman əsirlərə nəzarət edib.
“Azadlıq radiosu”nun onun haqqında hazırladığı materialdan öyrənirik ki, “Qədir bəy müharibədən sonra keçmiş əsir olmuş rus qadınla evlənib, amma sonra boşanıb, Boris adında övladı, Volodya, Saşa və Aleksey adlarında nəvələri olub. Qədir bəyə Azərbaycandan və Şimali Qafqazdan olan bir çox başqa keçmiş əsirlərə lazımi sənədləri düzəltməkdə Azərbaycan Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşının oğlu Ələkbər Topçubaşı kömək edib. Ələkbər bəy o vaxt Parisdə müəllim işləyirdi. Onun dostu Şeyxülislamzadənin isə Parisdə qatıq dükanı varmış. “Arayış tərtib edirdilər ki, guya biz həmin qatıq dükanında işləyirik, beləcə təzə sənədlər düzəldib Fransada yaşayış izni almağımız asanlaşdı”. Maestro Niyazi Parisdə Qədir bəylə görüşəndən sonra onun Azərbaycana getməsinə kömək edəcəyini söz verib. Qədir bəyin 33 illik vətən və ailə həsrətinə son qoyulur. Əvvəlcə qardaşı ilə telefon əlaqəsi yaradır... Qədir bəy Fransadan Azərbaycana qatarla gəlir - əvvəl Moskvaya, ordan da onu qarşılayan qardaşıyla birgə Bakıya. Deyir ki, SSRİ sərhədini keçəndə - Brestdə əli avtomatlı sovet əsgərlərini görəndə yenə canına üşütmə düşür. “Elə bilirdim ki, bu dəqiqə məni avtomatın qabağına qatıb həbsə atacaqlar”. SSRİ-yə qayıdanda Qədir bəy qardaş-bacılarını öz yurdlarından didərgin düşmüş görür”.
Qədir bəy 1989-cu ildə Fransada “Azərbaycan Evi”nin əsasını qoyanlardan biri olub. 17 sentyabr 2014-cü ildə vəfat edib, 19 sentyabrda Parisdəki Monparnas məzarlığında Məhəmməd Məhərrəmovun qəbrində torpağa tapşırılıb.
“Bizim də taleyimiz belə gətirdi”
Salman Mümtaz adına AR Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan mərhum diplomat, tarixçi Ramiz Abutalıbova aid fondda Qədir Süleymanın yazdığı bir məktub da mövcuddur. Həmin məktub bir sıra mətləblərə aydınlıq gətirdiyi üçün mətnini təqdim edirik:
“Hörmətli, Ramiz müəllim!
Səmimi salamlarımı sizlərə göndərməklə sağ və salamat olmağımızı bildirirəm. Bağışlayın ki, tez yazamadım. Allah eşqinə, qüsuruma baxmayın. Mənə və Borisə Bakıda göstərdiyiniz səmimiyyətə və yardımınıza daima minnətdarıq. Borisin çox xoşuna gəldi Bakı və bakılılar. Az vaxt da olsa, Azərbaycan haqqında canlı təsəvvürü oldu. Deyir vaxtım olanda bir ay və ya daha çox qalmaq arzusundayam. Yaxından qohumlarla tanış olmaq, həm də şəhərləri, dağları gəzmək və baxmaq, şəkil çəkmək. Xatirə üçün.
Ramiz bəy, bilirsiniz, Parisdə və Fransada azərilər az qalıb. İnsanın ömrü azalınca, istəkləri, arzuları da azalır. Ancaq vətənə olan həsrətinə son qoymaq istəyir. Çoxlarına da nail olmadı. Bizim də taleyimiz belə gətirdi. Nə etmək olar? Bildiyiniz kimi, Parisdə olan azərilər çox şeyləri günü-günə saldılar, özləri də dünyadan getdilər. Onlarda olan kitablar və ya Azərbaycana aid olan kağızlar da itdi-getdi və ya elə yerə düşdü ki, ondan istifadə edən olmayacaq. Əkbər ağanın, Məhərrəmovun və Topçubaşının kitabları. Məhərrəmovun kitabı vardı Nizami haqqında və Nizaminin əl yazısı Topçubaşıda qaldı. İranlılar Mamed bəyə yaxşı pul təklif etdilər, vermədi. Yadındadır. Topçubaşı mənə dedi, gəlin kitablardan, kağızlardan aparın. Ona da imkan olmadı. Topçubaşının qardaşı da dedi, telefon edərəm, gələrsən, istədiyin şeyləri götürərsən. Telefon da etmədi. Hər şey muzeyə verilib. Bilirəm haradadır. Adam və vaxt lazımdır onları qaydaya salsın. Bəzilərini götürmək olar, ya da mikrofilm etmək olar. İmkan daxilində özünüzlə apararsınız. Bilirsiniz hər şeyi nə yolla həll etmək olar. Bəzi şeyləri biz Fransadan çıxarda bilmərik. Siz bilirsiniz nə yolla. Əgər icazə mümkündür Əminə Rahimovaya- ona təkrar dəvətnamə yollayın, ya da sizinlə gəlsin. Məhərrəmovun kitabları üçün. Məndə olan xəlinin (xalçanın) şəklini yollayıram. Baxın, əgər lazım bilərsəniz verərəm, apararsınız Azərbaycan muzeyinə. Eni 117, uzunu 174 sm. Satmaq olar, ancaq mən istərdim, Parisdə ölən və yaşayan azərilər tərəfindən muzeyə hədiyyə olsun. Bilirsiniz, mənim də yaşım az deyil. Sağlığım da elə-belədir. Boris də elə şeylərə fikir verməz. Arada itib gedər. Başqalarınınkı kimi. Bir də mənim mənzilim çox möhkəm deyil, gəlib apara bilərlər. Parisdə oğurluq da çoxalıb. Kimə verəsən, hamı da qorxur. Ona görə nə qədər tez olarsa, o qədər yaxşıdır. Günü günə satmaq olmaz. Nə lazımdır edin. Ümidvaram tezliklə görüşməyə imkan olacaq. Xanımınıza və cavanlara bizlərdən salam və hörmətlər.
Ümidvaram ki, sağ-salamatlıqdır sizlərdə. Vətən haqqında xoş xəbərlər bizləri də sevindirir. Bizlərdən Vətənə, dostlara, tanışlara salam. Məni bağışlayın, pis yazıram.
Salam və hörmətlə Qədir Süleyman.
15/11.83. Boulogne”.
Qeyd edək ki, Qədir Süleymanın məktubunda adı çəkilən Topçubaşı Əlimərdan bəyin oğlu Ələkbər Topçubaşıdır. Onun zəngin kitabxanası olub və Fransada bir muzeyə verilib. Azərbaycanı Parisdə de-fakto tanıdan heyətin üzvlərindən olan Məhəmməd Məhərrəmov (məktubda Mamed bəy kimi də adı keçir) mühacirətdə qədim kitablar satan bukinist kimi tanınıb, müştəriləri arasında tanınmış şəxslər də olub. Məsələn, ingilis yazıçısı Ceyms Oldric, islamşünas Anri Masse, rus bəstəkarı S.Prokofyev, yazıçı İ.Bunin. Məktubdan belə anlaşılır ki, Məhəmməd Məhərrəmovda Nizamiyə aid əlyazma olub, iranlıların təklifini rədd edib.
Qədir Süleymanın həyatı bolşevik Rusiyasının XX əsrdə Azərbaycan xalqının başına gətirdiyi faciələrin sadəcə milyonda biridir...