BAKI, 7 fevral. TELEQRAF

Ölkə ərazisində bəzi bölgələrdə yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, son məlumata əsasən, Lənkəran, Astara Gəncə, Tərtər və Şəmkir bölgələrində yağış, Kəlbəcər Laçın Quba, Şahdağ, Altıağac bölgələrində isə qar yağır, şimal-qərb küləyi əsir.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Qobustan və Altıağacda 18 m/s , Şirvanda isə 16 m/s-ə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 7 dərəcə, Naxçıvan Muxtar Respublikasında 3 dərəcəyədək isti, dağlıq rayonlarında 3 dərəcə, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin fevralın 9-u səhər saatlarına qədər davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi fevralın 9-da səhər saatlarından tədricən zəifləyəcək.

“Bölgələrdə də fevralın 8-də yağıntılı hava şəraiti davam edəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Fevralın 9-da səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.”

Xidmət rəisi bildirib ki, fevralın 10-da Bakıda və Abşeron yarımadasında eləcə də bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi, mülayim qərb küləyi əsəcəyi gözlənilir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5, aran rayonlarında 5-8 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxta olacaq.

“Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar 8-10 fevral tarixlərində dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var”.