Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Növbəti belə qəbul fevral ayının 20-də vergilər naziri Fazil Məmmədov tərəfindən Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət xərkəzində Hacıqabul, Şirvan, Saatlı və Neftçala rayonlarından olan vətəndaşlar üçün keçirilib.
Teleqraf.com-un məlumatına görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.
Naibə QURBANOVA