Fransanın Strasburq şəhərində, “Salle Mozart” konsert zalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan klassik musiqi proqramından ibarət konsert keçirilib.

150-dən çox qonaq, o cümlədən diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, işgüzar dairələrin təmsilçiləri və mətbuat nümayəndələri konserti izləyiblər.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov konsertdən əvvəl çıxış edərək Xocalı soyqırımı barədə məlumat verib.

Sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin çıxış edib. O, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində belə bir tədbiri təşkil etməkdən qürur duyduğunu söyləyib və kampaniyanın beynəlxalq əhəmiyyətindən danışıb. “Dünya Xocalı həqiqətləri barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər heç yerdə təkrar olunmasın.

Məhz buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2008-ci il mayın 8-də “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürüb. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə müfəssəl məlumat verməkdir”.

Qeyd edilib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bugünkü xatirə gecəsinin klassik konsert şəklində keçirilməsi Azərbaycanın mənəvi mədəni irsinə ithaf olunur. Belə ki, Xocalı Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yerləşir. Dağlıq Qarabağ regionun mədəniyyət ocağı sayılır və ölkənin musiqi irsinin inkişafı dedikdə sinonim olaraq Qarabağ sözü işlədilir.

Hazırda xarabalığa çevrilmiş Şuşa şəhəri “Qafqazın konservatoriyası” kimi tanınırdı. Azərbaycanın bir çox məşhur musiqiçiləri, müğənni və bəstəkarları, o cümlədən Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli, məşhur tarzən Sadıqcan, çoxlu muğam ustadları və əfsanəvi opera müğənnisi Bülbül Şuşada anadan olub.

Konsertdə məşhur musiqiçilər – Renara Axundova (piano), Sara Nemtanu (skripka), Aleksandr Somov (violençel) və Səidə Zülfüqarovanın (piano) ifasında Azərbaycan və Avropa klassik musiqi əsərlərindən ibarət parçalar səslənib.