
"Bir yolumuz qalıb - biz də Ermənistan vətəndaşlarını girov götürməliyik"
“Ermənistan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmaq istəmir. İndi bizim yalnız bir yolumuz qalıb - Azərbaycan da Ermənistan vətəndaşlarını girov götürməlidir və Dilqəm Əsgərovla Şahbaz Quliyevə dəyişdirməlidir”.
Azərbaycanın Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin Teleqraf.com-a açıqlamasında belə deyib.
Dilqəm Əsgərovun Rusiya vətəndaşı olmasını nəzərə alsaq, Moskvanın azərbaycanlı girovların qaytarılmasınada iştirakının mümkün olub-olmamasına gəlincə, M.Zabelin bildirib: “Rusiyanın bu prosesdə iştirak etməsi mürəkkəb məsələdir. Çünki indi başqa bir hadisə baş verib. Ermənistanda yerləşən Rusiya hərbi bazasında xidmət edən rus əsgər erməni ailəsini qətlə yetirib. Bu da Rusiyanın özünün başağrısına çevrilib. Ona görə də Rusiya Ermənistanda olan azərbaycanlı girovlarla bağlı məsələlərə qarışmaq istəmir, yaxasını kənara çəkir ki, bununla əlaqədar siyasi debatlara cəlb olunmasın. Hesab edirəm ki, bu məsələni Rusiya deyil, ermənilər özləri həll edəcəklər. Rusiya azərbaycanlı girovların qaytarılması prosesində iştirak etməyəcək”.
M.Zabelin qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sərkisyanın sonuncu görüşündə də girovların məsələsi, onların öz ölkələrinə qaytarılması müzakirə olunub: “Azərbaycan erməni ailəsini ölkəsinə təhvil verdi. Amma Ermənistan girovları qaytarmır. Əksinə onların üzərində qondarma “məhkəmə” prosesləri keçirirlər. Bildiyimə görə, separatçı rejim fevarlın 26-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində növbəti “məhkəmə” prosesi keçirəcək. Mən girovların məsələsini dəfələrlə Rusiyanın Azərbaycandaki səfiri Vladimir Doroxinlə müzakirə etmişəm. Səfir də deyir ki, bu mürəkkəb məsələdir. Hesab edirəm ki, Azərbaycan erməniləri məcbur etməlidir ki, girovlarımızı azad etsin. Bunun üçün adekvat addılmar atmalıyıq”. Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı rejimin “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.
İlkin Əliyev