
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladıqları sənədin təfərrüatları
Çoxdan müzakirə mövzusu olan məzarlıqlar və məzar daşları ilə bağlı sənəd yaxın vaxtda qüvvəyə minə bilər. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, məzarlıqlar və məzar daşları ilə bağlı layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə göndərilib.
Musa Quliyev qeyd edib ki, sənəd ya qanun kimi qəbul oluna, ya da Nazirlər Kabinetinin qərarı ilə əsasnamə kimi təsdiq edilə bilər: “Bu, hökumətin qərarından asılıdır. Əgər qanun layihəsi kimi qəbul olunması nəzərdə tutulsa, Milli Məclisə göndəriləcək. Yəqin yaxın vaxtlarda biz bu məsələnin həllini görəcəyik”.
Deputatın sözlərinə görə, layihədə həm özəl, həm dövlət, həm də bələdiyyə qəbiristanlıqları nəzərdə tutulub. Bu isə son vaxtlar aktual olan dəbdəbəli qəbir qaşları ilə bağlı söz-söhbətlərə son qoya bilər: “Layihədə nəzərdə tutulub ki, dövlət və bələdiyyə qəbiristanlıqlarında qəbirüstü daşlar standart olsun, yəni qəbirlərin ölçüsü, qəbirüstü daşlar eyni ölçüdə, sıraları eyni qaydada olsun.
Ancaq dünyadan köçmüş yaxınının xatirəsini kim öz istədiyi şəkildə əbədiləşdirmək istəyirsə, özəl qəbiristanlıqlarda istədiyi daşdan, istədiyi formada abidə qoya bilər".
Azərbaycanda bu sahədə Türkiyə təcrübəsinin tətbiqini mümkün sayan Musa Quliyevin fikrincə, Azərbaycanın böyük şəhərlərinin daxilində yerləşən qəbiristanlıqların çoxunun genişlənməsi imkanı yoxdur. Buna görə də qəbiristanlıqlar şəhərdən kənarda salınmalıdır.
Bundan əlavə, dövlət, bələdiyyə, özəl qəbiristanlıqların statusları müəyyənləşməli, qəbiristanlıqların harada və hansı ölçüdə salınması, onun sərhədlərinin qorunması, yaşıllaşdırılması kimi məsələlər qanunvericiliklə müəyyən edilməlidir.
“Qəbiristanlıqların böyük bir hissəsini pullular alacaq”
İlahiyyatçı Elşad Miri qəbirstanlıqların özəl və dövlət kateqoriyalarına bölünməsinə yox, bələdiyyələrə tapşırılmasına tərəfdardır: “Tutaq ki, özəl qəbiristanlıqlara yer ayrıldı. Bəs həmin yer dolduqdan sonra nə edəcəklər? Həmin yerləri təkrar satışa çıxaracaqlar? Bütün qəbir yerlərini bələdiyyələrə vermək və bölgüyə nəzarəti də onlara tapşırmaqla məsələni tənzimləmək olar. Yəni ölünün hansı ərazidə dəfn olunmasına bələdiyyələr qərar verməlidir.
Bizdə bəzən kimin ölüsü Bakıdadırsa, rayona aparır, rayondadırsa, Bakıya gətirir. Yaxud qəbiristanlığın böyük bir hissəsini hansısa nəsil özünə götürür. Amma bu, müvafiq qaydalarla tənzimlənsə, həm yerə qənaət olunar, həm də özəl qəbiristanlıq deyilən ayrı-seçkilik məsələsi gündəmə gəlməz".
İlahiyyatçının fikrincə, komitənin təklifi müsbət dəyərləndirilsə, ölkədə yazılmamış qanunlar sırasında olan mental xüsusiyyətlərimiz özünü göstərəcək, bir çoxları bəhsə düşərək özəl qəbiristanlıqların böyük bir hissəsini “pulum var” deyib alacaq: “Bunu görən kasıb təbəqə də borca-xərcə düşüb, ”qonşudan dala qalma" prinsipilə özəl qəbiristanlıqda əzizini dəfn etməyi özünə borc hesab edəcək. Beləliklə, məsələ xoşa gəlməyən məcraya yönələcək".
Dəfn xərcini kim ödəməli?
Musa Quliyev isə düşünür ki, özəl qəbiristanlıqların yaradılması həm qeyri-qanuni ödənişləri aradan qaldıracaq, həm də qəbiristanlıqlarla bağlı müəyyən standartların hazırlanaraq tətbiqinə yardım edəcək: “Standart qəbirlərin olması maraqlı məsələdir. Yəni qəbiristanlıqlarda muzeylər, məbədlər tikilməsinin, ölülərin bir-birindən fərqləndirilməsinin qarşısı alınar. Eyni zamanda, qəbiristanlıqların mühafizəsi də öz həllini tapar”.
Musa Quliyev deyir ki, sosial müdafiəsi zəif olan vətəndaşlar üçün dəfn xərclərinin dövlət hesabına ödənməsi də sənəddə yer alıb: “Hazırda dövlət sosial müdafiəsi zəif insanlara dəfn üçün müavinət verir. Amma dəfn prosesinin dövlət və bələdiyyə tərəfindən həyata keçirilməsi daha yaxşı olar. Bu, xüsusilə aztəminatlı və orta təbəqəyə dövlət və bələdiyyə orqanlarının böyük dəstəyi sayılar.
Vətəndaşların əziyyət çəkməməsi üçün yaxşı olardı ki, dəfn işinin bütün xərclərini dövlətin və bələdiyyələrin üzərinə qoyaq. Bununla bağlı xüsusi xidmət yaradıla və dəfn xərclərini - məsciddən tutmuş dəfnə qədər olan xərcləri dövlət və ya bələdiyyə öz üzərinə götürə bilər. Bütün bunlar üçün müəyyən hüquqi əsaslar yaradılmalıdır".
“Belə bir sənədin qəbulu təqdir edilməlidir”
Özəl qəbiristanlıqların yaradılması təklifini dəstəkləyənlərdən biri də Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylidir. O, deyir ki, bir çoxları hazırda yaxınlarının dəbdəbəli məzarları ilə yarışa çıxıb: “Belə bir vaxtda dövlətin məsələyə müdaxiləsi vacibdir. Aidiyyəti qurumların bu işə sədd qoymasına zərurət yaranıb. Düzdür, bir tərəfdən insanlar buna zəngin və fəqir qəbiristanlığı deyib mənfi məqamları qabardacaqlar. Amma nəzərə alaq ki, insanlarda qəbiristanlıq, məzar seçimində fərqli görünmək istəyi illərdir var və bunun qarşısını almaq çox çətindir”.
Müsahibimiz hesab edir ki, bu işdə Dini Komitəyə dəstək vermək lazımdır: “Əlbəttə, ən yaxşısı dinimizin buyurduğu kimi zaman-zaman qəbirlərin itməsi, yerində başqa insanların dəfn olunmasıdır. Amma bir halda ki, bizdə bu, uzun zaman tələb edən məsələdir, onda inzibati yollarla tənzimlənməyə ehtiyac yaranır”.
Naibə Qurbanova