
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib ki, Kənd təsərrüfatı korporasiyası haqqında qanun layihəsinin qəbul ediləcəyinə inanır: “Nəhayət, “Elm haqqında" qanun layihəsini də qəbul edəcəyik. Təhlükəsizlik və Müdafiə Komitəsi də iki qanun layihəsi hazırlayıb və hesab edirəm ki, bunlar olduqca lazımlı qanunlardır”.
Teleqraf.com-un xəbərinə görə, deputat daha sonra təklif edib ki, sessiyada narkomaniya ilə bağlı qanun layihəsinə baxılsın: “Son zamanlar bu bəlaya qurşanan gənclərin, xüsusilə gənc qızların əhatəsi genişlənir. Bütün dünyada yayılmaqda olan bu bəla bizdə də geniş yayılır. Bu gün həbsxanada yatan məhbusların təqribən 30 faizi norkamanlardır. Biz qanun qəbul edəndə müəyyən etmişik ki, hansı miqdarda narkotik maddə şəxsdə olanda istifadə üçün nəzərdə tutulur. Necə qram olanda isə satış məqsədi daşıyır. Bizdə ən çox istifadə olunan marixuana və tiryəkdir. Biz qanunda yazmışıq ki, narkomaniya xəstəlikdir. Bizim cəzaçəkmü müəssisəsi xəstəxana deyil. Əgər biz qanunda bunu xəstəlik hesab etmişiksə, deməli, onları müalicə etməliyik. Son zamanlar çoxlu sayda həbslər var. Daha çox onu istifadə edənlər və aparıb-gətirənlər tutulur. Əsas şəxslər tutulmur, çünki onlar burada olmurlar. Biz çalışıb sindikatı ifşa etməliyik. Azərbaycanda və xaricdə də narkobaronlar özləri çalışıb digər narkobaronları ifşa edir, həbsə salmaq istəyirlər. Biz çalışmalıyıq ki, dövlət strukturlarının iştirakı ilə dinləmələr keçirək. Biz bu qanunu dəyişməliyik. İndi məktəbliləri, tələbələri bu xəstəliyə təşviq edirlər. Son zamanlar oğurluq cinayətləri artır. Yaşlı insanların evinə girib qətlə yetirir, 3-5 manat götürürlər. Narkomaniya başqa cinayətlərə də yol açılır. Məncə, məktəblərdə, universitetlərdə ciddi təbliğat aparılmalıdır. Bu bəlaya qarşı mübarizə üçün ilk olaraq qanunvericiliyə baxmalıyıq. Narkoman olmaq cinayətkar olmaq deyil, xəstəlikdir. Dünya təcrübəsi bunu deyir. Onları həbsxanalara doldurmaq lazım deyil. Mən çox istərdim ki, biz bu sessiyada qanunvericiliyi müzakirə edib, dəyişikliklər edək”.
Nemət