Ayağımızı yerdən götürən ayaqqabılar... Fəslə uyğun hər kəsin ən azı bir neçə cüt ayaqqabısı olur. Bəzi insanlar üçün ayaqqabı həyat tərzi, asılılıq kimidir. Yalnız açıq havada deyil, evdə də istifadə olunan əvəzedilməz geyimə çevrilib.

Teleqraf.com-un əməkdaşı keyfiyyətli ayaqqabını necə ayırd etmək barədə araşdırma aparıb.

Adətən, ayaqqabı istehsalçıları ayağın sağlamlığı haqqında düşünmək əvəzinə onun vizual görünüşünə önəm verir. Elə müsahibimiz Tahir usta da bu məsələdən çox şikayətlənir.

Əslən şəkili olan 63 yaşlı ayaqqabı ustası ömrünün 38 ilini bu işə sərf edib. Deyir ki, müştərilərinin əsas istəyi keyfiyyətli ayaqqabı almaq olur: “Ailəmizdə rəhmətlik əmimoğlu ayaqqabı ustası idi. O vaxtlar bizi dərsdən sonra dulusçuluq, dərzilik kimi sahələrə göndərirdilər, mən də ayaqqabı ustası olmağı seçdim. İlk ayaqqabını tikəndə 8-ci sinifdə oxuyurdum, 15 yaşım vardı”.

Usta ilə gənclik illəri, ilk təcrübələri haqqında söhbətləşdik. Ayaqqabı ustası yanında şəyirdliklə bu işə başlayıb. Deyir, Şəkidə ən yaxşı çarıq tikən soruşanda Tahir ustanı göstəriblər: “Valideynlərimiz bizi öyrətdiyinə görə ustaya pul ödəyirdilər. 1973-cü ildə Şəki ayaqqabı fabrikində işləmişəm. Bizi təyinatla göndərirdilər, 1974-cü ildə Moskvadan teleqram gəldi ki, 6 nəfər Həştərxana getməlidir. Bizimlə gedənlərin üçü erməni idi, 20 il orada yaşadım”.

Vətəninə qayıtdıqdan sonra Bakıya köçən usta artıq 25 ildir burada işləyir. Şəkili Tahir adı ilə tanınan ustamız gənc nəslin bu sahəyə maraq göstərməməsindən gileylənir. Deyir, Rusiyada işləyəndə 33 şagird yetişdirib: “Günü bu gün də hər bayramda mənimlə əlaqə saxlayırlar. Aralarında rus, tatar, 2 nəfər azərbaycanlı vardı. O vaxtdan bir nəfər də gəlib bu sənəti öyrənmək istəməyib. Hamı istəyir ki, isti otağı, monitoru, maşını olsun, sırf rahatlıq düşkünüdürlər”.

Usta ilə söhbətləşdiyimiz zaman müştəriləri də gəlib gedirdi. Deyir ki, ən yaşlı müştərisi 80 yaşındadır: “Uşaqlığından bəri ayaqqabısını tikdiyim çox insanlar da var, heç vaxt bir qəpiklərini almamışam. Təqaüdçülərdən pul almıram, çünki onların gəliri yoxdur. Sənətkar günortaya qədər ac qalır, günortadan sonra işi olur. Bir var aldadasan, bir də var, həqiqətən işləyəsən. Mən sənəti sevirəm, pulu yox”.

Ustadan soruşduq ki, fabrik ayaqqabısı almaq imkanları olduğu halda müştərilər niyə onu tikdirməyə üstünlük verirlər? Dedi ki, hazır fabrik ayaqqabılarının içi kordon, kağız, dermantin, süni dəridən ibarətdir: “Müştərilərimin məni seçməsinə əsas səbəb sadəcə təbii məhsullardan istifadə etməyimdir”.

Təbii dərini əvəz edən heç nə yoxdur. Süni dəri ilə müqayisədə daha qalın və hamar olur. Ustamız deyir ki, əgər ayaqqabıda dərininin iç hissəsini görürsünüzsə, bu yolla həqiqi olub-olmadığını ayırd edə bilərsiniz: “İşbazlar dəri olduğunu göstərmək üçün yalandan alovu ayaqqabının ətrafında gəzdirir. Təbii ki, belə etdikdə dermantin də olsa, yanmayacaq. Əsl dəri alovla nə qədər təmasda qalsa da, yanmır və özünəməxsus qoxusu çıxır. Ayaqqabı üçün ən bahalı, ən keyfiyyətli dəri ilan, anakonda dərisidir. Dəri 7 saat boyada qaynadılmalıdır, bu, onun uzunmüddətli olması üçün vacib prosesdir”.

Tahir usta deyir ki, qış ayaqqabısı mütləq dəridən hazırlanmalıdır: “Qışda ayaqlar daima suda, nəmdədir. Dermantindən fərqli olaraq dəri duzu daxilə keçmir. İndiki gənclər gözəlliyə qaçır. Gözəl ayaqqabını isə dəridən hazırlamaq mümkün deyil. Dermantin nazik kağız kimidir, qatlayaraq istənilən tərzə salmaq mümkündür, dəridə bu alınmır.

İndiki ayaqqabıların 90 faizi düzgün tikilmədiyi üçün ayağı incidir. Ayaqqabını geyindiyiniz zaman ayaqlar əyilir, gəzə bilmirsiz, damarlar ağrıyır”.

Bir ayaqqabının hazırlanması bir həftə və ya 10 gün vaxt aparır. İlk olaraq ayağın ölçüsü götürülür, müştərinin istədiyi modelin lekalı kəsilir. Daha sonra üzü hazıranır, naxışları işlənərək qəlibə çəkilir.

Tahir usta deyir ki, keyfiyyətli ayaqqabı 10 gün qəlibdə qalmalıdır ki, qurusun: “Ayaqqabını hazırlayanda gönü yaş formada qoyuruq ki, ayağın formasını alsın. 10 gün müddətində qalır. 95 faiz ayaqqabıların dabanları üç gün keçməmiş əzilir. Amma göndən hazırlandığı zaman bu baş vermir. Mən ata-baba üsulu ilə hazırlayıram. Mən tikən ayaqqabı ən azı 2 il geyilir. Məsələn, bu ayaqqabını 5 il əvvəl tikmişəm. Hazırda altı qopub, yeni altlıq qoyuram. İçindəki də təbii xəzdir”.

Əvvəllər ayaqqabı hazırlandığı zaman dabanına mismar vurulardı. Usta deyir ki, bu üsul artıq keçmişdə qalıb: “Mismarı təbii materiallardan hazırlanan ayaqqabıya vuranda içi qatlanır. Amma dermantin ayaqqabıların içi kordondan ibarət olduğu üçün bu hal baş vermir. Mən mismardan istifadə etmirəm və istifadə edənləri də usta kimi qəbul eləmirəm, bu, alıcını aldatmaqdır”.

Söhbət əsnasında öyrəndik ki, keyfiyyətli ayaqqabı istəyiriksə, mazdan imtina etməliyik. Maz dərini qurudur, ayaqqabını məhv edir: “Köhnə mazların tərkibində parafin, mum olduğu üçün dərini yumuşaq saxlayırdı. İndiki mazlar isə kimyəvi tərkiblidir. Maz əvəzinə “Lef-lef”dən istifadə etmək olar. Ayaqqabı boyasıdır, dərinin ömrünü uzatmaqla yanaşı, çirkdən qoruyur”.

Dərzilərdən eşitmişdik ki, uşaq paltarı tikmək daha çətindir. Eyni hal uşaq ayaqqabılarına da aidmiş: “İlk dəfə öyrənmək məqsədilə uşaqlar üçün ayaqqabılar hazırlayırdıq. Uşaq ayaqqabısı tikmək böyük ayaqqabısı ilə müqayisədə çox çətindir. Qəlibin ölçüsü kiçik olduğu üçün əldə saxlamaq asan deyil. Bu, maşında tikmək prosesinə də aiddir”.

Ustamız deyir ki, daha çox kişilər üçün ayaqqabı tikir. Qadınlar tikdirmə ayaqqabıya üstünlük vermirlər. Amma bu onun qadın müşətirisi olmadığı anlamına gəlmir: “Qadınlar üçün tikmək bizə sərf etmir. Qadın ayaqqabısı çox baha olur, sadə ayaqqabını 70 manata alırlar. Onlar gözəllik aşiqidir, dəriyə istənilən formanı vermək qeyri-mümkündür, gözəl, səliqəli görünmür. Məsələn, qadın müştərim var, Türkiyədə işləyir. 10 ildən artıqdır ki, ayaqqabılarının təmirini mənə etibar edir. Ən bahalı tikdiyim ayaqqabı 2500 dollar olub, qadın çəkməsi idi”.

Söhbət qadınlardan düşmüşkən, ustamız hündür dabanlı ayaqqabılardan şikayətləndi. Deyir, insanlar rahatlıq və sağlamlıqlarını görüntüyə qurban edirlər: “Ayaqqabı 5 santidən hündür olmamalıdır. Çünki daha hündür ayaqqabılar sağlamlığa zərərlidir, ayaqları incidir. İndikilər dərsə də gedəndə 15 santimetr hündürlükdə geyinirlər. Ayaqqabnın altlığı üçün ən yaxşı material politandır. Nə yeyilir, sürüşür, nə də taqqıldayır”.