"Azərbaycan qanunvericiliyinə görə, ümumtəhsil məktəblərində təhsil almanın 4 forması var: Əyani, qiyabi, distant və eksternat. Sərbəst təhsilalma forması (eksternat) əsasında müstəqil hazırlaşıb, orta ümumtəhsil məktəblərində dərsdə iştirak etməyən şəxslər bu prossesə cəlb olunur”.
Bunu Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə,eksternat təhsilalma forması 2009-cu ildən ölkəmizdə tətbiq olunur: “Eksternat imtahanında 9-cu sinif sənədi üçün iştirak edənlərin yaşı 16-dan, 11-ci sinif sənədi üçün isə yaşı 18-dən artıq olmamalıdır. Bir çox hallarda bu şəxslər fiziki qüsurlu şəxslər, yaxud 9-cu sinifə qədər oxuyub, sonradan 11-ci sinfin attestatını almaq istəyənlər bu imtahanda iştirak edirlər”.
Ekspert bildirib ki, imtahan vermək istəyənlər ilk olaraq yaşadıqları ərazi üzrə təhsil şöbəsinə ərizə ilə müraciət etməlidirlər: “Ərizələri təsdiq olunduqdan sonra aralıq imtahanı təşkil olunur. Aralıq imtahanları hər il mayın 10-dək keçirilməlidir. Sonra Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda iştirak edirlər.
Uşaqlar orta ümumtəhsil məktəblərində tədris olunan fənlərdən imtahan verirlər. Bu o demək deyil ki, onlar fərqli fənlərdən imtahan verəcəklər. Musiqi, rəsm kimi fənlər istisnadır”.
Kamran Əsədov qeyd edib ki, imtahan zamanı hər fəndən 10 sual müəyyənləşdirilir: “Test tapşırıqlarıçox sadə olur. İlk mərhələdə 6 fəndən (Ana dili, ədəbiyyat, riyaziyyat, kimya, fizika, informatika) imtahan verilir. Rus bölməsi əlavə olaraq Azərbaycan dilindən imtahan verir.
Növbəti mərhələdə digər 8 imtahan verilir və məqbul qiymət alanlar bazada yerləşdirilir. Daha sonraDİM tərəfindən onlar üçün buraxılış imtahanları keçirilir”.

Kamran Əsədovun sözlərinə görə, eksternat imtahanları dünya ölkələrində geniş yayılıb: “Türkiyənin Şərqi Anadolu bölgəsində, Avropa və Amerika ölkələri, Qazaxıstan, Türkmənistan, Əfqanıstanda tətbiq olunur. Münaqişə zonası olan ərazilərdə şagirdlər təhsil prosesində iştirak etmirlər. Onlara təhsil sənədinin verilməsi üçün bu imtahan təşkil olunur. Təhsilin əhatə dairəsinin genişləndirilməsi və əlçatanlığının təmin olunması üçün eksternat imtahanları uğurlu vasitədir”.
Qeyd edək ki, Azərbaycanda eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 20-də (saat 12:00) başa çatır. Sənədləri qəbul edilmiş eksternlər 24-25 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.
İmtahanlar 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.