Yeni il deyəndə ilk ağlımıza gələn atributlardan biri Şaxta Babadır. Xüsusən də uşaqların sevimlisi olan Şaxta Baba müxtəlif ölkələrdə müxtəlif cür adlanır. Bəs bizim folklorumuzda belə motiv varmı, türk dünyasında “Şaxta Baba” kimdir?

AMEA-nın Folklor İnstitutu, Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi Əpoş Vəliyev Teleqraf.com-a deyib ki, türk dünyasında Ayaz Ata personaji var ki, Ayaz Ata - türk, altay, orta Asiya mifologiyalarında, xüsusilə qazaxlarda və qırğızlarda rast gəlinir. Onun sözlərinə görə, müxtəlif türk dillərində Ayas Xan və ya “Ağ Ayas” olaraq adı keçir:

“Azərbaycan türkcəsində “Şaxta Baba” və ya “Ayaz baba” olaraq da bilinir. Ay işığından yaradıldığı deyilir və soyuq havaya səbəb olur. Ayaz bütün türk coğrafiyasında yandırıcı soyuq mənasını verər ki, ayın göydə rahatlıqla görüldüyü, buludsuz, açıq havalarda meydana gəldiyi üçün Ay Tanrısının (və ya ona bağlı Ayas Xanın) göndərdiyi düşünülmüşdür. Ayas eyni zamanda mehtap (ayışığı) deməkdir.

Türk mifologiyasını araşdıran tədqiqatçılar Ayaz Ata adı ilə bilinən şəxsiyyətin türklərin Noel Babası olduğunu deyirlər. Qədim türklərdə Soyuq Xanı olaraq bilinən Ayaz Atanın əfsanəyə görə, qışda soyuq havalarda ortaya çıxaraq, ac, yoxsul, kimsəsiz qəriblərə kömək etdiyi bildirilir. Ayaz sözü bütün türk coğrafiyasında yandırıcı soyuq anlamındadır. Ay tanrısının soyuq havaya qarşı türkləri qoruması üçün Ayaz Atanı göndərdiyinə inanılır. Tədqiqatlarda Ayaz Atanın türklərin gerçək Noel babası olduğu bildirilir.

Qazaxlarda qışın qarşılanması ilə əlaqədar olaraq Soğumbası adlı bir əyləncə var. İlk qarın yağması və soyuqların düşməsi ilə bağlı qeyd olunan bayramdır. Bu bayramla bir əlaqəsi olması ehtimal edilir”.

Folklorşünas deyib ki, ölkəmizdə də "ayaz" sözü işlədilir və yandırıcı, kəsici, güclü şaxta, soyuq anlamı daşıyır:

“Azərbaycan folklorunda istər Şaxta Baba, istərsə də Qar Qız obrazı haqqında məlumatlara rast gəlinmir. Şaxta Baba, Qar Qızın əvəzinə Novruzun rəmzləri olan Kosa, Keçəl, Bahar qızının təbliğ olunması daha məqsədəuyğundur”.