BAKI, 28 oktyabr. TELEQRAF
Parçalanmış, qütbləşmiş, mürəkkəb hərbi, geosiyasi proseslər fonunda Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlarası Dialoq Forumunun keçirilməsi müstəsna əhəmiyyət və aktuallıq daşıyan bir hadisədir. Dünyamız ciddi böhran dövrü yaşayır: silahlı münaqişələr davam edir, böyük dövlətlər arasındakı ziddiyyətlər kəskinləşir, yeni qarşıdurmalar təhlükəsi qalmaqdadır. Məqsəd yalnız, hazırkı problemləri, bugünkü dünya siyasətinin gündəliyini deyil, həm də sabah dünyanın necə olacağını müzakirə etmək, təkliflər verməkdir.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Ümumdünya Mədəniyyətlarası Dialoq Forumu Azərbaycanın dini, milli və ya mədəni mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və əməkdaşlıq ideyasını ardıcıl olaraq irəli sürüdüyü daha geniş beynəlxalq təşəbbüsünün bir hissəsidir:
“Belə bir tədbirin respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə dövlətimizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır. Azərbaycan diplomatiyasının mühüm xüsusiyyəti də məhz bundan ibarətdir: ölkəmiz təkcə beynəlxalq proseslərin iştirakçısı deyil, həm də müxtəlif dövlətlərin nümayəndələrinin hətta dərin siyasi fikir ayrılıqları şəraitində belə dialoq apara biləcəyi bir meydan kimi çıxış etməyə çalışır. Prezident İlham Əliyevin dediyi kimi: “Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq”.
Bu gün hər bir insan dərk etməlidir ki, o, öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı böyük bir ailənin üzvüdür. Qloballaşma prosesi hər birimizi ümumi məkanın sakinlərinə çeviribdir. Burada insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normalar, qarşılıqlı hörmət, bərabərhüquqlu münasibətlər və ədalət prinsipləri əsasında qurulmalıdır. Milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəmək tolerantlığın ən vacib amilidir. Və bu mənada Azərbaycanın unikal təcrübəsi var. Prezident İlham Əliyevin dediyi kimi: “Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk”.

Komitə sədri bildirib ki, Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmayıb:
“Həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar bunu təsdiq ediblər. Bu yanaşma həm də dövlət siyasətinin tərkib hissəsidir. Dövlət başçımızın azərbaycançılıq ideyasına xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Azərbaycanın əldə etdiyi uğurların, sabit inkişafının, eləcə də tarixi Qələbəsinin əsasında cəmiyyətimizdəki ahəngdarlıq dayanır. Azərbaycan o nadir ölkələrdəndir ki, müxtəlifliyi, fərqliliyi vahid milli kimlik daxilində birləşə biləcəyini nümayiş etdirir. Və Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları və dini icmaları birləşdirən ümummilli dəyər kimi çıxış edir.
Bu gün dünyanın müxtəlif yerlərində - Avropada, Yaxın Şərqdə, bizim bölgədə müxtəlif zəminlərdə müharibələri aparılır, qarşıdurmalar baş verir. Əfsuslar olsun ki, beynəlxalq institutlar ədalətli qərarların verilməsində, onların icra edilməsində çətinliklərlə üzləşirlər. Digər tərəfdən, bu və ya digər dövlətlərdə daxili siyasi ziddiyyətlər, cəmiyyətin qütbləşməsi, ənənəvi siyasi institutlara inamın azalması və müxtəlif təsir mərkəzlərinin mübarizəsi hətta qədim demokratik ənənələri olan ölkələr üçün də ciddi sınağa çevrilir. Belə bir fonda Azərbaycanın daxili siyasi sabitliyi xüsusi əhəmiyyət kəsb edir. Xarici siyasət kursunun ardıcıllığı və resursları strateji vəzifələrə cəmləşdirmək bacarığı beynəlxalq qeyri-müəyyənlik dövrlərində xüsusilə nəzərə çarpan amillərdəndir. Sabitlik, əlbəttə ki, səmərəli dövlət institutları, rəhbərliyin məsuliyyəti, ictimai konsolidasiya və yeni çağırışlara vaxtında reaksiya vermək bacarığı tələb edir”.
Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan üçün bu məsələlərin xüsusi dəyəri var:
“Çünki ölkəmiz çətin münaqişədən, Ermənistanla onilliklər boyu davam edən qarşıdurmadan və ərazi bütövlüyünün bərpası uğrunda uzunmüddətli mübarizədən keçib. Buna görə də sülh, təhlükəsizlik və öz gələcəyini müstəqil müəyyən etmək imkanı ölkəmizdə mücərrəd siyasi düsturlar kimi deyil, konkret tarixi təcrübənin nəticələri kimi qəbul olunur.
Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin regionun müstəqil dövlətlərinin tarixində əvvəllər mövcud olmayan tamamilə yeni vəziyyət yaratması ilə bağlı fikirlərinə baxmaq lazımdır. Bu ifadə Azərbaycanın öz əraziləri üzərində nəzarəti bərpa etməsindən və Ermənistanla sülh nizamlanmasına doğru sonrakı irəliləyişdən sonra baş verən dəyişikliklərin miqyasını əks etdirir.
Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələr həqiqətən də ölkəmizin və bütün regionun tarixində dönüş nöqtəsi oldu. Onlar qüvvələr nisbətini, siyasi və hərbi təzyiqin yol verilən hədləri barədə əvvəlki təsəvvürləri və Cənubi Qafqaz dövlətləri arasındakı münasibətlərin qurulduğu əsasın özünü dəyişdirdi.
Dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Biz Şərqlə Qərb arasında, qədim “İpək yolu” üzərində yerləşən bir ölkəyik. Müsəlman ailəsinin də bir parçasıyıq eyni zamanda, Avropanı yaxşı anlayırıq. Biz mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu yerdəyik. Azərbaycanın mədəniyyətlərasarsı dialoqun formalaşmasına verdiyi töhfələr dünya ölkələri tərəfindən qəbul edilir və dəstəklənir”.