BAKI, 28 oktyabr. TELEQRAF
"Prezident cənab İlham Əliyevin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibləri ilə görüşü Azərbaycanın İslam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətini, ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfələri və mədəni-mənəvi irsin qorunması sahəsində həyata keçirilən siyasəti bir daha diqqət mərkəzinə gətirir. Görüşdə səsləndirilən mesajların əhəmiyyəti yalnız ikitərəfli əlaqələrin inkişafı ilə məhdudlaşmır. Bu mesajlar, eyni zamanda, İslam həmrəyliyinin gücləndirilməsi, ortaq dəyərlərin qorunması və müsəlman ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm siyasi məzmun daşıyır".
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İslam dünyasındakı mövqeyi tarixi-mədəni bağlılıq, müstəqil dövlətçilik ənənələri və müasir xarici siyasət prioritetlərinin vəhdəti əsasında formalaşıb: "Ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olmaqla yanaşı, müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqinə, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına ardıcıl töhfələr verir. Bu baxımdan Prezident cənab İlham Əliyevin ICESCO və İƏT rəhbərləri ilə təmasları Azərbaycanın İslam dünyası ilə münasibətlərinə kompleks yanaşmasının, siyasi dialoqla yanaşı, humanitar və mədəni əməkdaşlığa da xüsusi önəm verməsinin göstəricisidir. İslam dünyası bu gün mürəkkəb geosiyasi proseslər, münaqişələr, humanitar böhranlar, islamofobiya və dini-mədəni dözümsüzlük kimi çağırışlarla üz-üzədir. Belə bir şəraitdə müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi, ortaq maraqlar ətrafında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq münasibətlər sistemində daha fəal mövqenin nümayiş etdirilməsi xüsusi aktuallıq kəsb edir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın təşviqinə xidmət edir. İƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın müsəlman dövlətləri ilə siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrinin inkişafı üçün mühüm platformadır. Ölkəmiz bu təşkilatın fəaliyyətində iştirak etməklə İslam dünyasını narahat edən məsələlərə münasibətini ifadə edir, üzv dövlətlərlə həmrəyliyini nümayiş etdirir və ortaq problemlərin həlli istiqamətində əməkdaşlığı dəstəkləyir".
Deputat qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərar və qətnamələr də ölkəmizlə təşkilat arasında münasibətlərin siyasi əhəmiyyətini göstərir: "Azərbaycanın İslam dünyasındakı mövqeyini fərqləndirən mühüm cəhətlərdən biri dini və milli-mədəni kimliyin dünyəvi dövlətçilik prinsipləri ilə uzlaşdırılmasıdır. Ölkəmizdə İslam dini tarixi-mənəvi dəyər kimi qorunur, eyni zamanda, müxtəlif dini konfessiyaların nümayəndələrinin birgəyaşayış ənənələri və qarşılıqlı hörmət mühiti təşviq edilir. Bu model Azərbaycanın beynəlxalq müstəvidə dinlərarası və mədəniyyətlərarası dialoq təşəbbüslərində fəal iştirakının əsasını təşkil edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, mədəniyyətlərarası dialoq platformaları və humanitar təşəbbüslər ölkəmizin bu sahədəki mövqeyini daha da möhkəmləndirir. Bakı müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirən məkana çevrilib. Bu təcrübə göstərir ki, fərqli dini və mədəni kimliklər arasında münasibətlərin sağlam əsaslar üzərində qurulması mümkündür və bu istiqamətdə siyasi iradə ilə yanaşı, ardıcıl institusional fəaliyyət də vacibdir".
M.Vəliyevanın sözlərinə görə, İslam həmrəyliyinin möhkəmləndirilməsindən danışarkən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır: "Fondun həyata keçirdiyi layihələr Azərbaycanın humanitar diplomatiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Mədəni irsin qorunması, təhsil və səhiyyə təşəbbüsləri, dini abidələrin bərpası, xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqi və beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi bu fəaliyyətin əsas istiqamətlərindəndir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan mədəniyyətinin və tarixi irsinin beynəlxalq miqyasda tanıdılmasına, müxtəlif xalqların ortaq mədəni sərvətlərinin qorunmasına mühüm töhfələr verir. Fondun fəaliyyətində diqqət çəkən cəhət ondan ibarətdir ki, mədəni irsə yalnız milli sərvət kimi deyil, bəşəriyyətin ortaq mənəvi dəyəri kimi yanaşılır. Bu yanaşma beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, mədəniyyətlər arasında etimadın artırılmasına və sivilizasiyalararası dialoqun inkişafına xidmət edir. Fondun İslam dünyasının mədəni və mənəvi irsinin qorunması istiqamətindəki fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdə tarixi abidələrin bərpasına və mədəni sərvətlərin mühafizəsinə yönələn təşəbbüslər göstərir ki, Azərbaycanın humanitar siyasəti coğrafi sərhədlərlə məhdudlaşmır. Bu fəaliyyət həm İslam sivilizasiyasının zəngin irsinin qorunmasına, həm də xalqlar arasında mədəni yaxınlığın gücləndirilməsinə töhfə verir".
Millət vəkili qeyd edib ki, Leyla xanım Əliyevanın rəhbərlik etdiyi beynəlxalq təşəbbüslər də Azərbaycanın humanitar və mədəni diplomatiyasının mühüm istiqamətlərindən biridir: "Onun təşəbbüsü ilə həyata keçirilən layihələr, xüsusilə İslam dünyasının tarixi-mədəni irsinin tanıdılması, mədəni müxtəlifliyin qorunması və gənclərin beynəlxalq humanitar proseslərə cəlb olunması baxımından əhəmiyyətlidir. Bu təşəbbüslər mədəni irsin yalnız keçmişin yadigarı olmadığını, həm də xalqların gələcək nəsillərə ötürməli olduğu mənəvi sərvət olduğunu nümayiş etdirir. Ölkəmizdə İslam irsinin qorunub saxlanılması isə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan ərazisində yerləşən məscidlər, türbələr, dini-memarlıq kompleksləri və digər tarixi abidələr xalqımızın çoxəsrlik dini-mədəni ənənələrinin göstəricisidir. Bu abidələrin bərpası, mühafizəsi və gələcək nəsillərə çatdırılması milli kimliyin qorunması ilə yanaşı, Azərbaycanın İslam sivilizasiyasına verdiyi töhfələrin beynəlxalq səviyyədə tanıdılmasına da xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə dini və mədəni abidələrin vəziyyətinin araşdırılması, onların bərpası və tarixi yaddaşın yenidən canlandırılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalmış ərazilərdə məscidlərin və digər dini abidələrin dağıdılması və ya yararsız vəziyyətə salınması Azərbaycanın mədəni irsin qorunması istiqamətində üzləşdiyi ciddi problemlərdən biri olub".