BAKI, 27 oktyabr. TELEQRAF
"Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycan cəmiyyətinin həmrəyliyinin, dövlətimizin müstəqilliyinin və mədəni müxtəlifliyimizin qorunmasının ideoloji əsaslarını bir daha ön plana çıxardı. Dövlət başçısının azərbaycançılığın ölkəmizdə yaşayan bütün xalqları birləşdirməsi barədə fikirləri mühüm siyasi məna daşıyır. Bu yanaşma Azərbaycanın gücünün mənbəyini göstərir: ortaq Vətənə bağlılıq, qarşılıqlı hörmət və dövlətimizin gələcəyi üçün birgə məsuliyyət. Forumda müxtəlif etnik və dini mənsubiyyətə malik insanların Vətən müharibəsində vahid qüvvə kimi birləşməsinin vurğulanması da həmin birliyin tarixi sınaqdan çıxdığını nümayiş etdirir".
Teleqraf xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Rizvan Nəbiyevə məxsusdur.
Onun sözlərinə görə, azərbaycançılığın zəngin tarixi kökləri vardır: "Xalqımızın dövlətçilik təcrübəsi, milli mədəniyyəti, ana dili, maarifçilik düşüncəsi və birgəyaşayış ənənələri bu ideyanın mənəvi zəminini təşkil edir. Ulu Öndər Heydər Əliyevin tarixi xidməti həmin zəmini müstəqil dövlətin ehtiyaclarına uyğun sistemləşdirərək azərbaycançılığı müasir milli birlik və dövlət quruculuğu konsepsiyası səviyyəsinə yüksəltməsidir. Prezident İlham Əliyevin “Heydər Əliyev İli” ilə bağlı Sərəncamında da xalqımızı vahid amal ətrafında birləşdirən bu ideologiyanın formalaşdırılması Ümummilli Liderin quruculuq fəaliyyətinin mühüm istiqaməti kimi qiymətləndirilir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə milli kimlik, dövlət dili, tarixi yaddaş və dünya azərbaycanlılarının həmrəyliyi məsələləri ictimai-siyasi düşüncənin mühüm mövzularına çevrildi. Bu müzakirələrin əsas sualı müstəqilliyini bərpa etmiş xalqın hansı dəyərlər və məqsədlər ətrafında birləşməsi idi. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmin axtarışların və təşkilatlanma prosesinin mühüm mərhələsi oldu. Azərbaycançılıq ölkə daxilində vətəndaş həmrəyliyini gücləndirməklə yanaşı, xaricdə yaşayan soydaşlarımızın Vətənlə mənəvi əlaqələrinin və ümummilli məqsədlər ətrafında birliyinin əsasına çevrildi.
Bu ideologiyanın elmi-fəlsəfi mahiyyətini insanın milli kimliyi, vətəndaşlıq məsuliyyəti və dövlətə bağlılığı arasındakı vəhdətdə görürəm. Azərbaycançılıq tarixi yaddaşı gələcək qarşısındakı məsuliyyətlə, milli-mənəvi dəyərləri müasir inkişafla əlaqələndirir. Onun əsas prinsipləri vətənpərvərlik, müstəqillik, dövlətçilik, vətəndaş bərabərliyi, mədəni müxtəlifliyə hörmət və ümummilli həmrəylikdir. Birləşdirici gücü ortaq mənsubiyyət hissi yaratmasında, qurucu mahiyyəti isə bu mənsubiyyəti təhsilə, əməyə, ictimai məsuliyyətə və ölkənin inkişafında iştiraka çevirməsindədir.
Azərbaycançılığın əhatəedici xarakteri xüsusilə əhəmiyyətlidir. Ölkəmizdə yaşayan azsaylı xalqlar və etnik azlıqlar öz dillərini, adət-ənənələrini və mədəni özünəməxsusluqlarını qorumaqla ümumi Azərbaycan kimliyinin iştirakçısıdırlar. Bu ideyanın yaratdığı ortaq çətir hər bir vətəndaşın Azərbaycanı öz Vətəni, dövləti isə öz dövlətçiliyinin ifadəsi kimi qəbul etməsinə söykənir. Müxtəlifliklə birlik arasında belə bir əlaqənin qurulması cəmiyyətin mənəvi zənginliyini və dövlətin ictimai dayaqlarını gücləndirir.
Prezident İlham Əliyevin siyasi fəaliyyətində bu irs müstəqilliyin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi ilə davam etdirilir. Forumdakı çıxışdan irəli gələn mühüm qənaət budur ki, cəmiyyətin daxilində qarşılıqlı etimad və həmrəylik dövlətin xarici təzyiqlərə davamlılığını artırır. Milli birlik gündəlik həyatda vətəndaşın ləyaqətinə hörmət, ədalət hissi, bir-birinin mədəniyyətinə qayğı və ümumi gələcəyə inam vasitəsilə möhkəmlənir".
Deputat qeyd edib ki, dövlət başçısının daxili risklərin olmadığını, potensial təhlükələrin ölkə hüdudlarından kənardan gəldiyini bildirməsi onun Azərbaycanın sabitliyi və ictimai birliyi barədə siyasi qiymətləndirməsidir: "Eyni çıxışda ideoloji risklərin fiziki risklər qədər təhlükəli olduğunun vurğulanması isə ayıq-sayıqlığın vacibliyini göstərir. Bu fikrin mahiyyəti əldə edilmiş həmrəyliyə arxayınlaşmaq deyil, onu davamlı şəkildə qorumaq və gücləndirmək məsuliyyətidir.
Müasir şəraitdə müdaxilə cəhdləri hərbi və fiziki təzyiqlərlə məhdudlaşmır. İnformasiya manipulyasiyası, tarixi yaddaşın təhrif edilməsi, etnik və dini həssaslıqların qarşıdurma vasitəsinə çevrilməsi də cəmiyyətlərin birliyinə zərər vura bilər. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında da ideoloji təxribatlara qarşı milli iradənin və mənəvi birliyin əhəmiyyətini vurğulamış, arxayınlaşmamağa çağırmışdı. Forumdakı mövqe həmin yanaşmanın davamıdır. Bu baxımdan keyfiyyətli təhsil, media savadlılığı, etibarlı məlumat və əsaslandırılmış ictimai müzakirə ideoloji dayanıqlığın mühüm vasitələridir.
Burada müstəqil dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Hər bir xalqın öz inkişaf yolunu və ictimai həyatını müəyyənləşdirmək iradəsinə hörmət edilməlidir. Bərabərhüquqlu dialoq tərəflərin bir-birini dinləməsini tələb edir; siyasi təzyiq və kənardan hazır davranış modellərinin diktəsi isə etimadı zəiflədir. Eyni zamanda, açıq fikir mübadiləsi və əsaslandırılmış tənqidlə suveren qərarverməyə yönəlmiş müdaxilə cəhdlərini fərqləndirmək vacibdir.
Prezidentin forumda səsləndirdiyi “güzgüyə baxmaq” çağırışının siyasi mənası da bu kontekstdə aydınlaşır. Başqa ölkələrə necə yaşamaq barədə dərs verməyə çalışanlar əvvəlcə öz fəaliyyətlərini, daxili problemlərini və bəyan etdikləri prinsiplərə nə dərəcədə əməl etdiklərini qiymətləndirməlidirlər. Dövlət başçısının bu mövqeyi beynəlxalq münasibətlərdə ikili standartlardan uzaqlaşmağa, qarşılıqlı hörmətə və məsuliyyətə çağırış kimi dəyərləndirilməlidir. Öz problemlərinə münasibətdə bir, başqalarına münasibətdə başqa meyar tətbiq edən yanaşma mədəniyyətlərarası dialoqun etimad əsasını sarsıdır".
R.Nəbiyeb hesab edir ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan üçün əsas mesajlarından biri milli kimliyə sədaqətlə dünyaya açıqlığın bir-birini tamamlamasıdır: "Ulu Öndər Heydər Əliyevin sistemləşdirdiyi, Prezident İlham Əliyevin inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası bu əlaqənin mənəvi-siyasi əsasını təşkil edir. Qarşımızdakı vəzifə həmin irsi gənc nəsillərin düşüncəsində, vətəndaşların gündəlik davranışında və dövlət quruculuğunda yaşatmaqdır. Azərbaycançılıq ətrafında birlik müstəqilliyimizin qorunmasına, mədəni müxtəlifliyimizin inkişafına və gələcəyimizin öz milli iradəmizlə müəyyənləşdirilməsinə xidmət edir".