BAKI, 3 avqust. TELEQRAF

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Professorla Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri, Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin yeni spektorda inkişafı Orta Dəhliz, İpək Yolu layihəsinin reallaşması istiqamətində atılan addımlardan danışmışıq.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri, ölkəmizin başçısına göstərilən yüksək səviyəli hörmət və ehtiram fonunda müzakirə edilən məsələlər əldə edilən razılaşmaların əlaqələrin bundan sonrakı dövr üçün təsirini necə dəyərləndirirsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığının inkişafında yeni mərhələnin başlanğıcı kimi də xarakterizə olunur. Sözsüz ki, ölkəmizin başçısının Qırğız Respublikasına dövlət səfərinə dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi və Türk dünyasında inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin səfəri çərçivəsində yüksək səviyyəli rəsmi qarşılanması iki ölkə arasında mövcud olan qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.

Dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan–Qırğızıstan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub. Tərəflər siyasi əlaqələrin dinamik inkişafından məmnunluqlarını ifadə edərək, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıblar.

Danışıqlar zamanı ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin regional nəqliyyat dəhlizlərinin inkişafı, beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasının vacibliyi qeyd edilib.

- Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin daha da möhkəmlənməsində ölkəmizin səriglədiyi mövqeyi necə səciyyələndirmək olar?

- Qırğızıstana səfəri çərivəsində görüşlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı da əsas müzakirə mövzularından biri olub. Prezident İlham Əliyev Türk dünyasının birliyinin möhkəmləndirilməsinin, ortaq dəyərlərin qorunmasının və üzv dövlətlər arasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə həyata keçirilən birgə layihələrin regionun inkişafına və sabitliyinə mühüm töhfə verdiyi bildirilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edərək, regional və qlobal məsələlər üzrə mövqelərin yaxın olduğunu diqqətə çatdırıblar. Azərbaycanın və Qırğızıstanın suverenlik, ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqelərinin qarşılıqlı şəkildə dəstəkləndiyi bir daha ifadə olunub.

- İki ölkə arasında əlaqələrdə yeni yanaşmalar nədən ibarətdir?

- Azərbaycan–Qırğızıstan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi, mədəni və mənəvi bağlara söykənən əlaqələr bu gün qarşılıqlı etimad, siyasi iradə və ortaq strateji maraqlar əsasında formalaşan müttəfiqlik münasibətlərinə çevrilib. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri isə bu inkişafın məntiqi davamı olmaqla yanaşı, iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını təşkil edir.

Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin möhkəm təməli isə Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə Qırğızıstana səfəri zamanı qoyulub. Sonrakı dövrdə hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması, qarşılıqlı səfərlərin intensivləşməsi və hüquqi bazanın genişlənməsi münasibətlərin davamlı inkişafını təmin edib.

- Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əlaqələrdə əsas istiqamətverici faktorlar nədən ibarətdir?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu siyasət nəticəsində Qırğızıstan ilə əlaqələr son illərdə xüsusilə sürətlə inkişaf edib. Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında formalaşan yüksək etimada əsaslanan münasibətlər siyasi dialoqun intensivləşməsində həlledici rol oynayıb. Son illər ərzində həyata keçirilən çoxsaylı qarşılıqlı dövlət və rəsmi səfərlər iki ölkənin strateji tərəfdaşlığa verdiyi önəmin göstəricisidir.

Bu günə qədər Azərbaycan ilə Qırğızıstan arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Hazırda tərəflər münasibətləri daha yüksək mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəltmək istiqamətində ardıcıl addımlar atırlar. Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması iki ölkənin siyasi münasibətlərində yeni tarixi mərhələnin başlanğıcı hesab olunur.

Sözsüz ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi ölkəmizin artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir. İkinci Qarabağ müharibəsində əldə olunan Zəfərdən sonra Azərbaycanın geosiyasi mövqeyi daha da güclənib və ölkəmiz regionlararası əməkdaşlığın əsas iştirakçılarından birinə çevrilib. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində iştirakı və Azərbaycanın bu platformada fəal rol alması ölkəmizin region üçün strateji əhəmiyyətini daha da artırır.

Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlıq da münasibətlərin mühüm sütunlarından biridir. Hər iki ölkədə keçirilən Mədəniyyət Günləri, qarşılıqlı mədəni layihələr və ortaq tarixi irsin təbliği xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması, Bişkekdə isə Heydər Əliyevin adını daşıyan təhsil müəssisəsinin fəaliyyət göstərməsi bu əməkdaşlığın rəmzi nümunələridir.

- Qırğızıstanın işğaldan azad edilmiş ərazilərin bərpasında yer almasını necə dəyərləndirirsiniz?

- Sözsüz ki, Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək xüsusi minnətdarlıq doğurur. Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın maliyyə dəstəyi ilə inşa edilən Ayköl Manas adına tam orta məktəb iki ölkə arasında dostluğun və qardaşlığın simvoluna çevrilib. Bu layihə təkcə təhsil sahəsinə deyil, həm də xalqlar arasında mənəvi yaxınlığın möhkəmləndirilməsinə xidmət edir.

Beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan və Qırğızıstan vahid mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirir. Türk dünyasının birliyinin möhkəmləndirilməsi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən birgə təşəbbüslər münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər açır.

Bu gün Azərbaycan və Qırğızıstan qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlər modeli formalaşdırıblar. Siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-logistika əməkdaşlığı, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş ölkənin strateji tərəfdaşlığının uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Prezident İlham Əliyevin dövlət səfəri isə bu münasibətləri yeni məzmunla zənginləşdirərək gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

- Eldar müəllim, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı ölkəmizin regionla əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini nümayiş kimi də dəyərləndirilə bilərmi?

- Bu iştirak təkcə diplomatik əhəmiyyət daşımır, həm də Azərbaycanın Mərkəzi Asiyada həyata keçirdiyi uzunmüddətli strateji siyasətin növbəti mühüm mərhələsini əks etdirir. Son illərdə Mərkəzi Asiya dövlətlərinin yaratdığı Məşvərət Görüşü platforması regional əməkdaşlığın əsas siyasi mexanizmlərindən birinə çevrilib. İlk dəfə 2018-ci ildə Qazaxıstanın paytaxtı Astanada təşkil olunan bu format ölkələr arasında siyasi dialoqun gücləndirilməsi, ortaq problemlərin müzakirəsi və birgə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə yaradılıb. Artıq keçirilən görüşlər sübut edir ki, platforma yalnız fikir mübadiləsi üçün deyil, həm də gələcək əməkdaşlıq strategiyalarının formalaşdırıldığı mühüm siyasi meydandır.

Azərbaycanın bu prosesə qoşulması mərhələli şəkildə reallaşıb. 2023-cü ildə Düşənbədə keçirilən Məşvərət Görüşündə Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinə verilən yüksək qiymətin göstəricisi idi. Həmin görüşdə səsləndirilən təşəbbüslər nəqliyyat, logistika, enerji və iqtisadi inteqrasiya sahələrində ortaq maraqların daha da inkişaf etdirilməsinə xidmət edirdi.

Azərbaycanın platformada tamhüquqlu iştirakına dair qəbul edilən qərar isə ölkəmizin region üçün artan strateji əhəmiyyətini bir daha təsdiqlədi. Bununla əməkdaşlıq formatı yeni məzmun qazandı və Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin daha sistemli şəkildə inkişafı üçün əlavə imkanlar yarandı. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Şərqlə Qərb arasında etibarlı tranzit mərkəzi kimi regional inteqrasiyada mühüm rol oynayır.

- Məşvərət Görüşünün gündəliyinə daxil edilən məsələlər əməkdaşlıq üçün hansı spektorlər açır?

- Burada siyasi münasibətlərin inkişafı, nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsallaşma, ticarət dövriyyəsinin artırılması, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və humanitar sahədə əməkdaşlıq əsas müzakirə mövzuları sırasında yer alır. Qəbul olunan qərarlar regionun uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə xidmət edir.

Platforma çərçivəsində keçirilən ikitərəfli görüşlər də xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər zamanı müxtəlif sahələr üzrə əməkdaşlıq sənədləri imzalanır, yeni investisiya layihələri razılaşdırılır və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm razılıqlar əldə olunur. Beləliklə, çoxtərəfli əməkdaşlıq ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır.

Ümumilikdə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət Görüşü Avrasiyada siyasi və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu platformalardan biridir. Azərbaycanın burada tamhüquqlu iştirak etməsi ölkəmizin regional siyasətdə artan rolunu, nəqliyyat və enerji layihələrində strateji mövqeyini, eləcə də Türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfəni bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin bu platformadakı iştirakı Azərbaycanın regionun gələcəyinin formalaşdırılmasında mühüm tərəfdaş kimi çıxış etdiyini aydın şəkildə göstərir”.