BAKI, 6 avqust. TELEQRAF
Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə informasiya texnologiyaları insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnternet və sosial şəbəkələr təhsil, ünsiyyət, informasiya əldə etmək və yaradıcılıq baxımından geniş imkanlar yaratsa da, xüsusilə uşaqlar və yeniyetmələr üçün bir sıra ciddi risklər də meydana çıxarıb.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Mehriban Vəliyeva ölkəmizdə azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı tətbiq ediləcək meyarlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, məhz buna görə də dünyanın bir çox ölkələrində azyaşlıların sosial media platformalarından istifadəsinə müəyyən hüquqi və texniki məhdudiyyətlərin tətbiqi artıq müasir dövlət idarəçiliyinin mühüm istiqamətlərindən biri hesab olunur:
“Azərbaycan da bu qlobal çağırışları vaxtında qiymətləndirən, uşaqların fiziki, psixoloji və mənəvi inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edən ölkələr sırasındadır. Son illər ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz informasiya mühitində böyüməsi, kibertəhlükələrdən qorunması və sağlam inkişafının təmin olunması istiqamətində mühüm qanunvericilik və institusional addımlar atılıb. Milli Məclis tərəfindən qəbul edilən qanunvericilik dəyişiklikləri, xüsusilə azyaşlıların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsinə dair hüquqi mexanizmlərin yaradılması dövlətin bu sahədə strateji yanaşmasının göstəricisidir. Bu qərarlar hər hansı məhdudlaşdırıcı və ya qadağanedici məqsəd daşımır. Əksinə, onların əsas mahiyyəti uşaqların hüquqlarının qorunması, onların rəqəmsal təhlükələrdən müdafiəsi və sağlam şəxsiyyət kimi formalaşmasına xidmət etməkdir. Bu gün sosial şəbəkələr təkcə ünsiyyət platforması deyil. Onlar həm də psixoloji təsir vasitəsinə, informasiya manipulyasiyasının alətinə, kibercinayətkarların fəaliyyət məkanına və bəzən ekstremist ideologiyaların yayılmasına xidmət edən platformalara çevrilə bilir.
Statistik göstəricilər göstərir ki, dünyanın müxtəlif ölkələrində azyaşlılar kibertəqib, şantaj, şəxsi məlumatların oğurlanması, onlayn zorakılıq, zərərli kontent və müxtəlif psixoloji təsirlər nəticəsində ciddi problemlərlə üzləşirlər. Məhz buna görə Avropa İttifaqı ölkələrinin əksəriyyətində, Böyük Britaniyada, Avstraliyada, Fransada, Norveçdə, ABŞ-ın bir sıra ştatlarında və digər inkişaf etmiş dövlətlərdə sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətləri, valideyn nəzarəti mexanizmləri, yaşın təsdiqi sistemləri və uşaqların şəxsi məlumatlarının qorunmasına dair ciddi hüquqi tələblər tətbiq edilir".
O, Azərbaycanın qəbul etdiyi yanaşmanın da məhz beynəlxalq təcrübəyə söykənən, insan hüquqlarını və uşaqların mənafeyini əsas götürən müasir hüquqi model olduğunu bildirib.
"Burada məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil, onları həmin mühitdə təhlükəsiz şəkildə fəaliyyət göstərməyə hazırlamaqdır. Bu gün uşaqların qarşılaşdığı əsas təhlükələrdən biri sosial şəbəkələr vasitəsilə yayılan zorakılıq, aqressiya, qeyri-etik davranış nümunələri, dezinformasiya, narkotik vasitələrin təbliği, qumar elementləri, saxta şəxsiyyətlər, insan alveri və cinsi istismar məqsədilə qurulan cinayətkar şəbəkələrdir”.

Deputat azyaşlıların internet üzərindən cinayətkarların hədəfinə çevrilməsi hallarının ildən-ilə artmasına da diqqəti çəkib:
“Belə şəraitdə dövlətin müdaxiləsi yalnız hüquq deyil, eyni zamanda konstitusion və mənəvi məsuliyyətdir. Konstitusiyamız uşaqların müdafiəsini dövlətin mühüm vəzifələrindən biri kimi müəyyən edir. “Uşaq hüquqları haqqında” Qanun, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunvericilik normaları, kibertəhlükəsizlik sahəsində qəbul edilən strateji sənədlər və rəqəmsal təhlükəsizliyə dair həyata keçirilən islahatlar vahid dövlət siyasətinin tərkib hissəsidir.
Son dövrlərdə Milli Məclisdə qəbul edilən qanunvericilik dəyişiklikləri də məhz bu siyasətin davamı kimi qiymətləndirilməlidir. Qanunverici orqan rəqəmsal mühitdə uşaqların hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə beynəlxalq təcrübəni, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və digər beynəlxalq hüquqi sənədləri nəzərə alaraq mühüm hüquqi mexanizmlər formalaşdırıb. Burada xüsusi vurğulanmalıdır ki, uşaqların sosial şəbəkələrdən istifadəsinə dair müəyyən yaş həddinin müəyyənləşdirilməsi onların hüquqlarının məhdudlaşdırılması deyil, hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edən preventiv tədbirdir. Dövlət uşağın yalnız informasiya əldə etmək hüququnu deyil, eyni zamanda onun təhlükəsiz yaşamaq, sağlam psixoloji inkişaf etmək, zorakılıqdan qorunmaq və şəxsiyyət kimi formalaşmaq hüququnu da təmin etməyə borcludur.
Azərbaycan dövlətinin həyata keçirdiyi ailə siyasəti də bu istiqamətdə mühüm rol oynayır. Ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin artırılması, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, rəqəmsal savadlılığın yüksəldilməsi və uşaqların təhlükəsiz internet istifadəsinə dair maarifləndirmə proqramlarının həyata keçirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu siyasətin əsas müəllifi və strateji istiqamətvericisi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial dövlət modelidir. Cənab Prezidentin rəhbərliyi ilə qəbul edilən dövlət proqramları, milli strategiyalar və institusional islahatlar göstərir ki, Azərbaycanda insan kapitalının inkişafı, ailə institutunun qorunması və uşaqların sağlam gələcəyinin təmin olunması dövlət siyasətinin mərkəzində dayanır.
Prezident cənab İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanın gələcəyi sağlam, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq və yüksək bilikli gənc nəslin yetişdirilməsindən asılıdır. Bu baxımdan uşaqların zərərli informasiya axınından qorunması, onların sağlam düşüncəli və məsuliyyətli vətəndaş kimi formalaşdırılması dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial-humanitar layihələr, uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi və mənəvi inkişafı istiqamətində görülən işlər də bu siyasətin mühüm komponentlərindən biridir. Uşaq hüquqlarının müdafiəsinə dair həyata keçirilən proqramlar, məktəb infrastrukturunun müasirləşdirilməsi, inklüziv təhsil layihələri və uşaqların rifahına yönəlmiş təşəbbüslər dövlətin bu sahəyə xüsusi həssaslıqla yanaşdığını nümayiş etdirir. Sosial şəbəkələrdən istifadəyə dair tətbiq edilən məhdudiyyətlər eyni zamanda milli təhlükəsizlik baxımından da əhəmiyyət daşıyır. İnformasiya müharibələrinin geniş vüsət aldığı, dezinformasiyanın və psixoloji təsir əməliyyatlarının artdığı müasir dövrdə uşaqların manipulyativ informasiya axınından qorunması gələcək nəslin milli kimliyinin, mənəvi dəyərlərinin və vətəndaş məsuliyyətinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir”.
Mehriban Vəliyeva hesab edir ki, bu baxımdan qəbul olunan qanunvericilik dəyişiklikləri yalnız bugünkü problemlərin həllinə hesablanmış addım deyil:
“Bu, gələcək nəsillərin təhlükəsizliyi, sağlam psixoloji inkişafı və Azərbaycanın dayanıqlı inkişafı naminə həyata keçirilən uzaqgörən dövlət siyasətidir. Müasir dünyada dövlətin gücü yalnız iqtisadi göstəricilərlə ölçülmür. Dövlətin əsl gücü onun uşaqlarını necə qoruması, onların hüquqlarını necə təmin etməsi və gələcəyini necə planlaşdırması ilə müəyyən edilir. Azərbaycanda bu istiqamətdə həyata keçirilən siyasət göstərir ki, dövlət uşaqların təhlükəsizliyini milli inkişafın ayrılmaz hissəsi kimi qiymətləndirir. Ümumilikdə demək olar ki, azyaşlıların sosial şəbəkələrdən istifadəsinə dair tətbiq olunan hüquqi mexanizmlər müasir çağırışlara verilmiş düşünülmüş, məsuliyyətli və uzaqgörən cavabdır. Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları, dövlət qurumlarının həyata keçirdiyi ardıcıl tədbirlər və Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan insan mərkəzli dövlət siyasəti Azərbaycanın gələcəyinin etibarlı təminatı olan uşaqların sağlam, təhlükəsiz və milli-mənəvi dəyərlərə bağlı şəkildə böyüməsinə xidmət edir. Bu siyasət təkcə bugünkü nəslin deyil, gələcək Azərbaycanın da təhlükəsizliyinə, intellektual potensialına və milli inkişafına yönəlmiş strateji investisiyadır".