BAKI, 25 iyul. TELEQRAF
24-26 sentyabr tarixlərində keçirilməsi planlaşdırılan Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) 30-dan çox xüsusi texnikası, eləcə də 400 nəfərə yaxın şəxsi heyətinin cəlb olunması planlaşdırılıb.
Teleqraf xəbər verir ki, bunu FHN Baş Əməliyyat İdarəsinin rəisi polkovnik-leytenant Elvin Ağayev Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün keçirilən təlimlər zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tədbirə hazırlıq çərçivəsində yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar ümumilikdə 186 nəfərdir.
"Onlardan da 60 nəfəri nazirliyin əməkdaşlarından təşkil olunub", - o vurğulayıb.
O əlavə edib ki, təlimlərə məqsəd tədbir zamanı baş verə biləcək fövqəladə halların çevik qarşısının alınması məqsədilə təqdimatları olub:
"Təlimin nəzəri hissəsində yanğınsöndürmə, yanğın təhlükəsizliyi qaydaları, eləcə də xilasetmə işlərinin təşkilinə dair marşallara xüsusi təqdimatlar verilib.
Praktiki hissədə isə baş vermiş yanğınların söndürülməsi və şərti olaraq pilotun xilas olunması məqsədilə imitasiyalar həyata keçirilib".