BAKI, 22 iyul. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı əldə edilən razılaşmaya əsasən, ABŞ və Ermənistan bununla bağlı artıq real müstəvidə addım atmağa hazırlaşır. Bunun fonunda İran tərəfindən layihənin reallaşmasına qarşı fikirlər, təhdidlər səslənir. İran tərəfi bu layihənin reallaşmasına necə əngəl ola biləcəyi növbəti dəfə gündəmə gəlir…

- İrandakı mühafizəkar qanadın bugünkü siyasəti Zəngəzurdan keçəcək Tramp marşrutu layihəsinə müəyyən təhlükə yarada bilər. Hazırda ABŞ ilə İran arasında müharibə yenidən davam edir. Bunun fonunda İran körfəz ölkələrində ABŞ hərbi bazalarına zərbələr endirməklə yanaşı, neft resurslarını da hədəfə alır. ABŞ-nin bu bölgədəki şirkətləri də hədəf seçilir. Ona görə, ABŞ-nin İran qarşıdurması fonunda Zəngəzur dəhlizinin tikintisi icra edilsə, buna qarşı Tehranın müəyyən təxribatlarının olması da istisna edilmir. Bu, o demək deyil ki, dəmir yolunun tikintisi zamanı Zəngəzura zərbələr endirilə bilər və s. Amma İran mühafizəkarlarından hər şey gözləmək olar. Azərbaycanı və Türkiyəni ABŞ-nin hücumları fonunda hədəfə alan İran mühafizəkarlarından hər şey gözləmək mümkündür. İranın xarici işlər naziri Abbas Əraqçi iki gün öncəki müsahibəsində Türkiyəyə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Türkiyə İranın parçalanmasının qarşısını aldı. O vurğulayıb ki, Türkiyə olmasa idi Amerika kürdlərdən istifadə edib İrana qarşı qurudan hərbi əməliyyatlara başlayacaqdı. Yaxşı olardı ki, bunları qeyd edən Əraqçi Türkiyəyə niyə dron atdıqlarının da səbəbini izah edərdi.

- Buna cavabları nə olacaqdı?

- Ola bilsin, Əraqçi dolayı cavab verərək bunun “biz yox, başqaları tərəfindən edildiyini deyəcəkdi” və yaxud dolayı yolla bunu İrandakı mühafizəkarların boynuna atardı. Ona görə də əslində bu ölkədə kimin hansı qərarı verdiyi də bəlli deyil. Ötən gün İran Prezidenti Məsud Pezeşkian İranın müharibədən sonra ağır iqtisadi vəziyyətdə olduğunu açıqlayıb. Əslində Prezident bununla özünü sığortalayıb. Mühafizəkarlara da dolayı yolla mesaj göndərilir ki, müharibənin davam etdirilməsi ilə İran uçuruma aparılır. Amma buna baxmayaraq, İran mühafizəkarları yenə də bildiklərini edir. Hörmüz boğazını nəzarətdə saxlamaqla müharibənin davam etməsinə şərait yaradılır.

- Müharibənin yenidən alovlanmasına səbəb nə idi?

- İran tərəfinin Hörmuz boğazından keçən tankerlərə atəş açmasından sonra ABŞ yenidən bombardmanlara başladı.

- Bunun fonunda regional layihələr üçün hansı təhlükələr yarana bilər?

- Regional layihələr üçün edilən təhdidlər İranın özü üçün böyük risk formalaşdıra bilər. Çünki Zəngəzur dəhlizində (Tramp marşrutu) bir çox dövlətin marağı var.

- Bu layihənin reallaşmasında maraqlı olan tərəflər kimlərdir?

- Azərbaycan, Türkiyə, Ermənistan, Mərkəzi Asiya ölkələri, ABŞ, Avropa ölkələri bu layihənin reallaşmasında maraqlıdır. Ona görə də bu halda İran böyük bir koalisiya ilə üzləşəcək.

- İran tərəfi iddia edir ki, ABŞ-nin Zəngəzur dəhlizində üstün mövqedə yer alması regiona geosiyasi vəziyyəti dəyişə bilər….

- Faktiki olaraq ABŞ Ermənistanda hərbi baza yaratmır. ABŞ sadəcə olaraq dəmir yolunun tikintisində iştirak edir. Ona görə bu amil region üçün heç bir təhdid demək deyil. Dəmir yolundan əgər hərbi texnika daşınsa, bu halda İran mühafizəkarlarının dediyi ola bilərdi. Amma burada neft, digər məhsullar, nadir torpaq elementlərinin Amerikaya daşınması mümkün olmayacaq. Sadəcə olaraq, bu yolun səhmləri Amerika şirkətinə məxsus olacaq. Amma yoldan daşlnacaq məhsullar fərqlidir və hərbi elementlər deyil.

- Həmin yolda hərbi elementli məhsulların daşınmasını İran özü üçün hansı halda təhdid hesab edir?

- Çin və Mərkəzi Asiya ölkələrinin buradan daşıyacağı yüklərdən İran üçün nə kimi təhlükə olacağının özü də maraqlıdır. Avropadan əksinə daşınacaq yüklərlə bağlı da İranın narahatlığı başadüşülən deyil. Çin İran üçün strateji tərəfdaşdır.

- Rusiyanın hazırkı mərhələdə prosesə yanaşması necədir?

- Hazırda Rusiya tərəfi də Zəngəzur dəhlizi ilə bağlı İranla eyni "mahnını" ifa edir. İddia edirlər ki, bu dəmir yolunun Çinin də maraqlarına faydası yoxdur.

- İndiyə kimi Çin tərəfi bu layihə ilə bağlı hansı mövqeyi sərgiləyib?

- Hələ ki Çin tərəfi bu layihə ilə bağlı hər hansı bir dəstək açıqlaması verməyib. Halbuki Çin də gələcəkdə bu yoldan istifadə edəcək. Sözsüz ki, dəmir yolu hazırlanan kimi Çin alternativ olaraq bu yoldan da istifadə edə bilər. Ola bilsin ki, Çin burada Amerika şirkətinin böyük paya sahib olmasından narahatdır. Amma bu alternativ yol kimi okeanlardan, dənizlərdən uzaqdır. Hazırda okeanlarda nə qədər təhlükənin olduğunu hamı görür.