BAKI, 30 iyun. TELEQRAF
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətini necə şərh edərdiniz?
- Bu yaxınlarda Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (İƏTPİ) 20-ci sessiyasının açılış mərasimi olub. Bu amil bir daha Azərbaycanla İƏT arasında əlaqələrin hansı səviyyədə inkişaf etdiyini göstərir. Bu bir reallıqdır ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan İslam dünyasının fəal və nüfuzlu üzvlərindən biri kimi çıxış edir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun Parlament İttifaqı çərçivəsində həyata keçirdiyi ardıcıl fəaliyyətlə islam həmrəyliyinin möhkəmləndirilməsinə, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Bu istiqamətdə irəli sürülən təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və İslam dünyasının ümumi maraqlarının müdafiəsinə xidmət edir.
İƏT Azərbaycanın milli maraqlarının qorunmasında etibarlı beynəlxalq platformalardan biri olub. Təşkilat Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamə və qərarlar qəbul edib. Bununla yanaşı, Ermənistanın təcavüzü ilə bağlı yaradılmış İƏT Təmas Qrupu Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verib.
İşğal dövründə Azərbaycanın ərazilərində yerləşən tarixi-dini abidələrin dağıdılması İslam mədəni irsinə qarşı yönəlmiş vandalizm aktı kimi qiymətləndirilir. İşğal altında qalmış ərazilərdə onlarla məscid və digər dini abidələr məhv edilmiş, mədəni irsə ciddi zərər vurulub. Hazırda Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirməklə tarixi-mədəni irsin qorunmasını və bərpasını təmin edir. Bu siyasət ölkəmizin multikulturalizm və tolerantlıq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də islamofobiya ilə mübarizədir. Son illər müxtəlif ölkələrdə İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik, nifrət çağırışları və dini dəyərlərin təhqiri halları artıb. Azərbaycan bu tendensiyaları beynəlxalq təhlükəsizlik və sivilizasiyalararası dialoq üçün ciddi təhdid hesab edir və bütün dinlərə hörmət, qarşılıqlı anlaşma və tolerantlıq prinsiplərinin qorunmasını vacib sayır. Eyni zamanda, İslamın ekstremizm və terrorizmlə eyniləşdirilməsinə yönəlmiş qərəzli yanaşmaların yolverilməz olduğu vurğulanır.
Ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində də fəal rol oynayır. Bakıda təşkil olunan beynəlxalq forumlar, humanitar tədbirlər və İƏT platforması çərçivəsində keçirilən görüşlər Azərbaycanın İslam dünyası ilə digər beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni nümayiş etdirir. Bu təşəbbüslər qarşılıqlı etimadın möhkəmlənməsinə və beynəlxalq dialoqun genişlənməsinə xidmət edir.
- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamələrin kökündə hansi amillər dayanır?
- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə ölkəmizə münasibətdə uzun müddətdir müşahidə olunan siyasi yanaşmanın növbəti təzahürü kimi dəyərləndirilir. Sənəddə irəli sürülən iddiaların məzmunu və qəbul edilmə şəraiti göstərir ki, Assambleya bəzi hallarda obyektiv və balanslı parlament dialoqu platforması olmaqdan uzaqlaşaraq ayrı-ayrı siyasi dairələrin mövqelərinin ifadə olunduğu tribuna təsiri bağışlayır.
AŞPA-da Azərbaycanla bağlı müzakirələr zamanı istifadə olunan yanaşma artıq sistemli xarakter alıb. Ölkəmizə dair qəbul edilən sənədlərdə əksər hallarda eyni mənbələrə istinad edilir, oxşar arqumentlər irəli sürülür və Azərbaycanın rəsmi mövqeyi, hüquqi əsaslandırmaları, eləcə də milli qanunvericilik çərçivəsində həyata keçirilən islahatlar lazımi səviyyədə nəzərə alınmır. Ölkəmizə qarşı qərəzli qətnamənin hazırlanmasında iştirak edən bəzi siyasətçilər uzun illərdir Azərbaycana qarşı sərt mövqeləri ilə tanınırlar. Bu şəxslərin təşəbbüslərində əksər hallarda birtərəfli məlumatlara əsaslanılır, regionda baş verən proseslərə kompleks yanaşma nümayiş etdirilmir və siyasi qiymətləndirmələr hüquqi arqumentləri üstələyir.
Bütün bunlar erməni lobbi təşkilatlarının istək və arzularının nəricəsi olaraq ortaya çıxır. Amma baş verənlər ölkəmizə qarşı aparılan kampaniyalar heç bir mahiyyət kəsb etmir. Azərbaycan son illərdə beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və regional əməkdaşlıq istiqamətlərində etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, Mərkəzi Asiya, Türkiyə, Körfəz ölkələri və Çinlə genişlənən əməkdaşlıq Azərbaycanın geosiyasi əhəmiyyətini daha da yüksəldib.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunmasından sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirib. COP29 kimi qlobal tədbirə ev sahibliyi etməsi, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr və regionda sülh gündəliyinin təşviqi ölkəmizin məsuliyyətli tərəfdaş imicini gücləndirən mühüm amillərdir.
Yaxşı olardı ki, AŞPA beynəlxalq parlament diplomatiyasının mühüm platformalarından biri olaraq üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət etsin.
Azərbaycan isə hər zaman olduğu kimi beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafında, açıq dialoq və konstruktiv qarşılıqlı fəaliyyət prinsiplərinə sadiq qalır. Bununla yanaşı, ölkəmiz suverenlik, daxili işlərə qarışmamaq və dövlətlərin bərabərliyi prinsiplərinin beynəlxalq münasibətlər sistemində əsas meyar kimi qorunmasının vacibliyini ardıcıl şəkildə müdafiə edir.