BAKI, 8 noyabr. TELEQRAF
Şuşa haqqında danışmaq Azərbaycanın tarixindən, milli kimliyindən, mənəvi dünyasından və dövlətçilik yaddaşından danışmaqdır. Bu şəhərin hər daşı, hər küçəsi, hər qədim tikilisi xalqımızın əsrlər boyu yaratdığı zəngin mədəniyyətin, formalaşdırdığı milli düşüncənin və yaşatdığı tarixi ənənələrin yadigarıdır. Şuşa bizim üçün coğrafi məkan olmaqdan daha böyük məna daşıyır. O, Azərbaycan ruhunun, Qarabağ sevgisinin, milli qürurun və mənəvi bütövlüyümüzün ifadəsidir.
Bu sözləri Teleqraf-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Qarabağın tacı, Qafqazın incisi adlandırılan Şuşa Azərbaycan xalqının tarixində, ədəbiyyatında, musiqisində və ictimai-siyasi həyatında müstəsna yer tutur:
“Bu şəhər Natəvanın zərif poeziyasını, Üzeyir Hacıbəylinin musiqi dühasını, Bülbülün ecazkar səsini, Vaqifin söz sənətini, Sadıqcanın sənətkarlığını özündə yaşadan böyük bir mədəniyyət xəzinəsidir. Şuşanın adı çəkiləndə göz önündə canlanan mənzərə təkcə onun əsrarəngiz təbiəti deyil, həm də Azərbaycan xalqının yaratdığı mənəvi sərvətdir. Bu səbəbdən Şuşanın işğalı xalqımızın yaddaşında ağır bir yara, azadlığı isə milli tariximizin ən şərəfli səhifələrindən biri kimi yaşayır.
Şuşanın bugünkü Zəfər tarixindən danışarkən ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin bu şəhərə bəslədiyi sonsuz sevgini, onun qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tarixi missiyanı xatırlamaq lazımdır. Çünki Şuşanın milli-mənəvi dəyər kimi qorunması, Azərbaycanın tarixi və mədəni irsinin ayrılmaz hissəsi kimi yaşadılması istiqamətində görülən işlərdə Ulu Öndərin müstəsna xidmətləri vardır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın azad olunmasından sonra Ulu Öndərin məzarını ziyarət edərək səsləndirdiyi:
“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” sözləri Azərbaycan tarixinin ən təsirli və unudulmaz anlarından biri oldu.
Şuşanın azadlığının əhəmiyyətini daha dərindən anlamaq üçün işğal illərində şəhərin hansı faciələrlə üzləşdiyini də xatırlamalıyıq. 1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Şuşada Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi-mədəni irsə qarşı məqsədyönlü dağıntılar törədildi. Tarixi binalar, məscidlər, muzeylər, qəbiristanlıqlar və mədəniyyət ocaqları talan edildi, bir sıra abidələr məhv edildi və ya öz ilkin görkəmindən məhrum olundu. Şəhərin tarixi simasını dəyişdirmək, Azərbaycan izlərini silmək cəhdləri göstərildi. Bütün bu hadisələr göstərirdi ki, işğalçıların məqsədi təkcə torpaqlarımızı zəbt etmək deyil, həm də xalqımızın tarixi yaddaşına, milli kimliyinə və mənəvi irsinə zərbə vurmaq idi. Lakin Şuşanın ruhunu dəyişmək, onun Azərbaycan kimliyini silmək mümkün olmadı. Şəhər işğal altında olduğu illərdə belə öz tarixi simasını, milli yaddaşını qoruyub saxladı. Məhz buna görə Şuşanın azadlığı həm də tarixi ədalətin bərpası idi”.
Professor bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın milli iradəsini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin siyasi qətiyyətini bütün dünyaya nümayiş etdirdi:
“44 gün davam edən müharibənin ən mürəkkəb və taleyüklü əməliyyatlarından biri Şuşanın azad edilməsi oldu. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayaları, keçilməz dağ yollarını aşaraq misilsiz igidlik göstərdilər. Onların fədakarlığı sayəsində noyabrın 8-də Azərbaycan bayrağı Şuşada yenidən dalğalandı.
Bu müraciət həm böyük qələbənin müjdəsi, həm də Şuşanın gələcəyi ilə bağlı dövlət başçısının üzərinə götürdüyü məsuliyyətin ifadəsi idi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində bərpa edildi. Bununla Qarabağda yeni mərhələyə, genişmiqyaslı quruculuq və Böyük Qayıdış prosesinə tam keçid üçün şərait yarandı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada həyata keçirilən işlər həmin tarixi vədin ardıcıl şəkildə yerinə yetirildiyini göstərir. Zəfər yolu, yeni yaşayış kompleksləri, məktəblər, səhiyyə müəssisələri, dövlət xidmətləri infrastrukturu, bərpa edilən tarixi abidələr şəhərin həyatına yeni nəfəs verir.
Şuşanın yenidən qurulması haqqında danışarkən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə xüsusi yer ayırmaq lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun həyata keçirdiyi layihələr milli-mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına, dini-mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edir. Bu fəaliyyət Qarabağda, xüsusilə Şuşada öz miqyası və əhəmiyyəti ilə seçilir”.
Komitə sədri bildirib ki, Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin ən mühüm tərəflərindən biri Şuşanın tarixi yaddaşını gələcək nəsillərə olduğu kimi çatdırmaqdır:
“Çünki mədəni irs xalqın keçmişi ilə gələcəyi arasında qurulan mənəvi körpüdür. Həmin körpünü qorumaq, tarixi abidələri yaşatmaq, milli musiqimizi və sənətimizi öz doğma məkanına qaytarmaq böyük məsuliyyət tələb edir. 2040-cı ilədək inkişaf Baş Planı əsasında şəhərin tarixi memarlıq simasının qorunması və müasir yaşayış mühitinin yaradılması istiqamətində işlər davam etdirilir.
Şuşa həm də Azərbaycanın beynəlxalq mədəniyyət və diplomatiya məkanına çevrilib. 2022-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olan şəhərin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi onun beynəlxalq mövqeyinin daha da genişləndiyini göstərir”.
Hicran Hüseynova vurğulayıb ki, bir zamanlar doğma şəhərinin həsrəti ilə yaşayan insanlar indi orada yaşayır, işləyir, övladlarını böyüdürlər:
“Şuşanın küçələrində yenidən uşaqların səsi eşidilir, məktəblərin qapıları açılır, məscidlərdə azan səslənir, Cıdır düzündə Azərbaycan musiqisi ifa olunur. Bu mənzərəni düşünəndə Şuşanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi qarşısında bir daha baş əyirik. Onların yarımçıq qalan arzularını, ailələrinin çəkdiyi ağrını, qazilərimizin keçdiyi ağır sınaqları unutmamalıyıq. Bu gün Şuşada qurulan hər yeni ev, açılan hər məktəb, bərpa edilən hər abidə onların müqəddəs xatirəsinə ehtiramın ifadəsidir.
Şuşa Zəfəri bizə bir daha göstərdi ki, Vətənə bağlılıq torpağı qorumaqla başlayır, onu yaşatmaqla, qurmaqla və gələcək nəsillərə ötürməklə davam edir”.