BAKI, 17 aprel. TELEQRAF
"Biz Qafqazda sülhü yenidən müəyyənləşdiririk və sülh şəraitində yaşamağı öyrənirik".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusundakı panel sessiyada deyib.
“Bu, sadəcə müharibənin olmaması deyil, daha dərin və praktiki bir anlayışdır. Azərbaycan sülh naminə böyük diplomatik cəsarət nümayiş etdirib. Maraqlı bir müqayisə aparsaq, Fransa və Almaniyanın 1945-ci ildən sonra sülh (Yelisey müqaviləsi - red.) sazişinə gəlməsi 18 il çəkmişdisə, biz 2020-ci ildən sonra iki ildən az müddətdə de-fakto sülhə nail ola bildik”,- o qeyd edib.
H.Hacıyev Azərbaycanın xarici siyasətinin təkamül etdiyini və ölkənin eyni zamanda bir neçə coğrafi və siyasi kimliyi təmsil etdiyini deyib.
O, Azərbaycanın həm Cənubi Qafqaz ölkəsi, həm Türk dünyasının mərkəzi, həm Mərkəzi Asiyanın "altılığı"nın (5+1) bir hissəsi, həm də Yaxın Şərqlə birbaşa əlaqələri olan strateji tərəfdaş olduğunu vurğulayıb.