BAKI, 17 aprel. TELEQRAF

Dənizaltı kabellərin çəkilməsi azərbaycanlı dostlarımızla birlikdə həyata keçirməyə çalışdığımız layihələrdən biridir.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani bildirib.

Onun sözlərinə görə, Gürcüstan vergi sistemi baxımından beynəlxalq biznes sahəsində, həqiqətən də ön sıralardadır: "Bürokratiya ölkəmizdə çox sadədir. Bu, əslində hökumətin xarici investorları ölkəyə cəlb etmək məqsədilə həyata keçirdiyi bir proqramdır. Burada güclü bir infrastrukturumuz da var və biz onu daha da möhkəmləndirməyə çalışırıq. Bu infrastruktur sayəsində ölkəmizin əlaqələrini gücləndirmək istəyirik. Çünki yerləşdiyimiz coğrafi mövqe, həqiqətən çox önəmlidir və bu istiqamətdə çalışırıq, infrastrukturu gücləndirərək daha böyük layihələri həyata keçirməyə səy göstəririk. Məsələn, dənizaltı kabellərin çəkilməsi azərbaycanlı dostlarımızla birlikdə həyata keçirməyə çalışdığımız layihələrdən biridir".

Levan Jorjoliani qeyd edib ki, bu cür əməkdaşlıq və birgə fəaliyyət sayəsində uğur əldə etmək mümkündür: "Məncə, məhz buna görə son 4 il ərzində bu qədər böyük iqtisadi artım əldə etmişik".