BAKI, 17 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXVIII turunda “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə “ağ-qaralar”ın qolunu 63-cü dəqiqədə İmad Faraj vurub. 90+5-ci dəqiqədə isə “qartallar”ın futbolçusu Brahim Konate hesabı bərabərləşdirib.
Bundan sonra oyunda qarışıqlıq düşüb, qonaqlar referini qolu yoxlamaq üçün VAR-a getməsini tələb etsə də, İnqilab Məmmədov qolu qeydə alıb. Nəticədə “Neftçi”nin baş məşqçisi Yuri Vernidub və “Zirə”nin məşqçisi Ağabala Ramazanov qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarını 44-ə çatdıraraq turnir cədvəlinin 5-ci, Rəşad Sadıqovun kollektivi isə 45 xalla 4-cü pilləsində yer alıb.
Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib. Tur aprelin 19-da başa çatacaq.