BAKI, 17 aprel. TELEQRAF
Gələcəyə dair gözləntiləri nəzərə alarkən həm keçmiş təcrübələrimizdən, həm də səhvlərimizdən öyrənməli olduğumuz çox şey var.
Teleqraf xəbər verir ki, Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən Panel sessiyada deyib.
O bildirib ki, bugünkü tarixi proseslər həqiqətən çox önəmlidir:
"Regional və qlobal irəliləyişlər var və mən inanıram ki, Türkiyə hər zaman sivilizasiya, rifah, sülh, əməkdaşlıq və əlaqəlilik tərəfdarı olaraq ən doğru mövqeni nümayiş etdirib.
Biz bütün xalqlar üçün rifahlı bir gələcək qurmaq istəyirik.
Özümüzü regionun ən böyük və ya güclü ölkəsi kimi görmürük. Biz özümüzü bu regionun bir hissəsi kimi görürük. Eyni zamanda məsuliyyətli bir ölkə olduğumuzu düşünürük.
Cənab Prezidentimiz hər zaman bu regionun ölkələri olaraq ortaq məsuliyyətlərimizdən danışır. Çünki region qarşısında müəyyən öhdəliklərimiz var. Buna görə də bu öhdəlikləri yerinə yetirmək üçün proseslərdə iştirak etməli və töhfə verməliyik.
Məncə, bu, əslində Avropa Şurası çərçivəsində də şahidlik edilən çox dərin bir qarşılıqlı hörmət və sevgi nümunəsidir. İndi isə gələcəyə daha böyük ümidlə baxırıq.
Amma bütün bu vəziyyəti anlamaq üçün təkcə keçmişdən danışmaq kifayət deyil. Harada olduğumuzu düzgün dəyərləndirmək üçün daha geniş və əhatəli təhlilə ehtiyac var".