Bir ay əvvəl müzakirə etdiyimiz mövzular artıq bir ay ərzində aktuallığını itirir. Hətta daha da irəli gedərək deyə bilərik ki, iki həftə əvvəl danışdığımız bir məsələ sonra gündəmdən düşür. Dünya, həqiqətən çox sürətlənib.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən Panel sessiyada deyib.
Onun sözlərinə görə, hətta panelə başlayarkən qeyd olundu ki, Hörmüz boğazı açılıb və həm Amerika tərəfi, həm də İran tərəfi bu barədə danışıblar:
"Bu da ən azından panel iştirakçıları üçün müsbət bir xəbərdir. Amma ümumilikdə vəziyyətin necə olduğunu hamımız bilirik. Buna görə də ortaq məsuliyyət götürmək məsələsində açıq düşüncəli olmalıyıq. Şübhəsiz ki, ortaq məqsədlər üçün çalışmalı, əməkdaşlıq etməliyik və gələcəkdə də bu cür əməkdaşlıqları davam etdirməliyik. Ümid edirəm ki, keçmişin acı təcrübələri beynimizin önündə deyil, arxa planında qalacaq, amma mövcudluğunu davam etdirəcək. Lakin heç kim, heç bir qurum və heç bir ölkə kənardan təzyiq göstərməməlidir" - Kılıc bildirib.
O əlavə edib ki, Avropa İttifaqı regional inkişaf baxımından müsbət bir katalizator rolunu oynaya bilər:
"Məsələn, Əfqanıstan, Azərbaycan və digər bölgələrdə regional əməkdaşlıq platformaları mövcuddur. Türkiyə, Azərbaycan, Ermənistan kimi ölkələr bir araya gələrək bu cür platformalar yaradırlar. Bu platformalara töhfə vermək və katalizator rolunu oynamaq çox müsbətdir.
Amma bu platformalara birtərəfli yanaşmaq və ya təzyiq göstərmək düzgün deyil. Bunu izah etmək istəyirəm. Çünki biz Türkiyə olaraq, təəssüf ki, bəzən müəyyən ön mühakimələrlə qarşılaşırıq.
Avropa İttifaqı daxilindəki həmrəylik isə başqa bir mövzudur. Biz bunu dəfələrlə qeyd etmişik.Problemləri özümüz həll etməyə hazırıq. Bəli, dünyada baş verən müəyyən proseslər var. Amma Avropa İttifaqı da deməlidir ki, siz bu problemi qarşı tərəflə birlikdə həll etməlisiniz”