BAKI, 17 aprel. TELEQRAF
Biz Antalya Diplomatiya Forumunda imkanları, əməkdaşlığı və ortaq gələcək perspektivlərini müzakirə etmək, real dialoq qurmaq üçün toplaşmışıq.
Teleqraf xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
"Eyni regionun dörd fərqli təmsilçisi eyni podiumda oturaraq bölgəmizin gələcəyini müzakirə edə bilir. Artıq bunu bacarırıq.
Buna görə mən inanıram ki, xüsusilə keçən il Vaşinqtonda baş verənlər həqiqətən tarixi bir hadisə idi. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün bir çox şeyi dəyişəcək. Gürcüstan və Türkiyənin də bu prosesə qoşulması ilə bu dəyişikliklər daha da əhəmiyyətli olacaq. Çünki bu, inklüziv və genişmiqyaslı bir prosesdir.
Bəzi məqamlarda Cənubi Qafqazın dünyanın ən sabit bölgələrindən birinə çevriləcəyini düşünmək belə böyük təsir yarada bilər. Dünyada logistikanın və təchizat zəncirlərinin pozulduğu, müharibələrin davam etdiyi bir dövrdə, bizim ölkəmizdə və ümumiyyətlə Cənubi Qafqazda olan sabitlik bizim üçün ən böyük rəqabət üstünlüyünü yaradır.
Məsələn, təchizat zəncirindəki problemlər sonsuza qədər davam etməyəcək. Buna görə biz bu vəziyyəti düzgün dəyərləndirərək rəqabət üstünlüyümüzü artıracaq şəkildə ağıllı addımlar ata bilirik".
Sülhün təmin olunması məsələsində isə lazım olan siyasi cəsarəti göstərərək və zəruri siyasi qərarları qəbul edərək irəliyə doğru hərəkət edirik. Bu mühüm qərarlar sayəsində regionda açıq kommunikasiya mühiti formalaşdırırıq.
Həm ölkələrimiz arasında əlaqələri gücləndiririk, həm də region olaraq Mərkəzi Asiya ilə Avropa arasında, eləcə də Uzaq Şərq ilə Avropa arasında mühüm bir bağlantı nöqtəsinə çevrilirik".