BAKI, 17 aprel. TELEQRAF

"Biz regional təhlükəsizlik arxitekturasını gücləndirə biləcəyimizə və ölkələrimizdə sabitliyi tam bərqərar edəcəyimizə ümid edirik".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusundakı panel sessiyada deyib.

H.Hacıyev qlobal gərginliklərin regiona təsirlərini vurğulayaraq bildirib:

"Nəzərə almalıyıq ki, ətrafımızda yeni qaynar münaqişə ocaqları yaranıb və bir çox müharibələr davam etməkdədir. Rusiya-Ukrayna müharibəsi və digər qlobal gərginliklər fonunda Azərbaycan ilə Ermənistan arasındakı problemlərin həll olunması və normallaşma prosesinin reallaşması vacibdir. Hesab edirik ki, Türkiyə və Gürcüstanın da töhfəsi ilə regionda daha genişmiqyaslı və əhatəli bir əməkdaşlıq modeli həyata keçirilə bilər".