ZƏNGİLAN, 16 aprel. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və ölkəmizin xoş məramının göstəricisi olaraq, müxtəlif istiqamətlərdən, o cümlədən Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin daşınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Baş nazirin müavini vurğulayıb ki, bu addım regionda etimadın möhkəmləndirilməsinə yönəlib və regional əlaqələrin inkişafına, iqtisadi qarşılıqlı fəaliyyətin və nəqliyyat-logistika əməkdaşlığının genişlənməsinə xidmət edir.

Ş.Mustafayev konkret rəqəmləri diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanın yaratdığı imkanlar nəticəsində artıq yükdaşımalar həyata keçirilməkdədir: "Bu günə qədər Rusiyadan Ermənistan Respublikasına Azərbaycan ərazisindən tranzitlə 26 min tona yaxın yük çatdırılıb. Bu yüklərin əsas hissəsini buğda və gübrə təşkil edir”