BAKI, 9 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Makron Tehranın Yaxın Şərq ölkələrinə zərbələr endirməsini dayandırmasına çağırıb.

Fransa lideri həmçinin Hörmüz boğazında gəmiçilik azadlığının bərpasının vacibliyini vurğulayıb.

“İranın region ölkələrinə zərbələri dərhal dayandırmasının zəruriliyini vurğuladım. İran həmçinin Hörmüz boğazının faktiki bağlanmasına son qoyaraq gəmiçilik azadlığına təminat verməlidir”, - deyə Makron bildirib.

Fransa Prezidenti İranın nüvə proqramı və Tehranın regiondakı fəaliyyəti ilə bağlı narahatlığını da ifadə edib. O, eyni zamanda mövcud vəziyyətin diplomatik yollarla həllinin vacibliyini qeyd edib.

Makron əlavə edib ki, İranda həbsdə olan Fransa vətəndaşları Sesil Koler və Jak Parinin vətənə qaytarılması Paris üçün prioritet məsələdir.

Onun sözlərinə görə, tərəflər əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.