BAKI, 24 fevral. TELEQRAF

İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs əsasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum kimi müəyyən edilib.

Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilib.