BAKI, 23 fevral. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatının 2014-cü ildə Bakıda təsis edildiyi, komitələrin Azərbaycanda son iclasının isə 2022-ci ildə Şuşada keçirildiyi qeyd olunub. Spiker Sahibə Qafarova Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyini bildirib.

Nikoloz Şamxaradze Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin salamlarını Milli Məclisin sədrinə çatdırıb.

Söhbət zamanı Azərbaycan və Gürcüstan arasında əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, bildirilib ki, regionda strateji layihələrin icrasında da ölkələrimiz arasında əməkdaşlıq uğurla davam edir. Ölkələrimiz arasında münasibətlərin parlamentlər çərçivəsində də uğurlu inkişafı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx qarşılıqlı təmasların münasibətlərimizin daha da genişlənməsində vacib rolu vurğulanb. Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət və yeni imkanlar barədə fikirlərini bölüşüb.

Nikoloz Şamxaradze isə Azərbaycan və Ermənistan arasında sülh prosesinin regionun hər üç ölkəsi üçün faydalı olacağını, Gürcüstanın da bu prosesi dəstəklədiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.