BAKI, 19 fevral. TELEQRAF
"Rusiyada mühakimə olunan azərbaycanlılara qarşı münasibət, irəli sürülən qondarma ittihamlar artıq bu dövlətə bəslənən son ümid qırıntılarını da məhv etməkdədir. Yekaterinburq şəhərində qurulan tragikomik məhkəmə prosesi və onun yekununda ittiham tərəfinin tələb etdiyi, heç bir hüquqi əsasa söykənməyən, hədsiz və fantastik cəzalar göstərdi ki, indiki şəraitdə Rusiyaya və onun məhkəmə-hüquq sisteminin ədalətinə güvənmək tamamilə sadəlövhlükdür".
Bu sözləri Teleqraf-a açıqlamasında ötən ilin iyununda Yekaterinburqda hüquq mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı güc tətbiqi zamanı aldıqları xəsarət nəticəsində 2 qardaşı həyatını itirən, 1 qardaşı isə hələ də Rusiyada həbsdə saxlanılan Seyfəddin Hüseynli (Səfərov) deyib.
"Mənim kimi düşünən bir çox insanın Rusiya hakimiyyətinin nə vaxtsa düzələcəyinə, insan haqlarına hörmət göstərəcəyinə, öz vətəndaşlarına və digər xalqlara qarşı ən azı elementar humanist yanaşma sərgiləyəcəyinə dair son inam da puça çıxdı. Əslində biz kifayət qədər təmkin nümayiş etdirdik. Mən, ailəmiz, Yekaterinburq şəhərində qanunsuz həbs olunan digər azərbaycanlıların yaxınları və onların hüquqi təmsilçiləri bu məsələyə səbir və soyuqqanlılıqla yanaşdıq. Ümid edirdik ki, məhkəmə prosesi müəyyən ədalətli nəticə verəcək. Axı söhbət andlılar məhkəməsindən gedirdi?! Düşünürdük ki, heç olmasa orada vicdanlı insanların mövqeyi bu ədalətsizliyə müəyyən təsir göstərə bilər. Lakin bütün bu ümidlər özünü doğrultmadı. Bu, təkcə bir ailəyə və ya Azərbaycanın hansısa bölgəsindən olan insanlara qarşı münasibət deyil. Bu, yüz illərdir Rusiyada digər millətlərə və xalqlara bəslənən münasibətin növbəti təzahürüdür", - deyə qeyd edib.
S.Hüseynli keçən ilin iyulunda baş verən amansız hadisələrdən sonra iki qardaşını itirdiyini deyib: "Bir qardaşım qanunsuz şəkildə həbsdə saxlanılır, digər azərbaycanlıların da hüquqları tapdanır. Bir müddət bunu ayrı-ayrı hüquq-mühafizə orqanlarının kobud səhvi, müəyyən epizodik qəddarlıq kimi qiymətləndirmək istəyirdim. Lakin artıq belə düşünə bilmirəm. Qəti qənaətə gəlmişəm ki, dünyada öz dostunu düşmənə çevirən, öz müttəfiqini amansız şəkildə qarşı cəbhəyə itələyən Rusiya hakimiyyəti qədər başqa bir rejim təsəvvür etmək çətindir.
Qardaşım 62 yaşlı Bakir Səfərov ali təhsilli rus dili müəllimidir. Məhkəmə prosesi ilə bağlı məlumatları dinləyərkən belə, insanda acı bir təbəssüm yaranırdı. Çünki əmin idim ki, həmin prosesdə iştirak edən hakim, prokuror, müstəntiq və hətta təcrübəli vəkillər belə rus dilini və mədəniyyətini Bakir Səfərov qədər dərindən bilmirlər. Rus ədəbiyyatını onun qədər sevən və təbliğ edən, pedaqoji səviyyəsinə çatan insan tapmaq asan deyil.
Amma onun ziyalılığına, insani keyfiyyətlərinə baxmayaraq, yenə də ədalətsiz münasibətin şahidi olduq. Aldığım məlumatlara görə, istintaq müddətində Bakir Səfərova qarşı əsaslı ittiham irəli sürülməyib, heç bir sübut təqdim olunmayıb. Çünki belə sübut mövcud deyil. Hətta zərərçəkmiş qismində tanınan şəxslər istintaqda və məhkəmədə dəfələrlə bildiriblər ki, Bakir Səfərovun bu məsələlərlə heç bir əlaqəsi yoxdur.
Proses boyu Azərbaycan xalqına və dövlətinə qarşı əsassız iddialar səsləndirən şəxs belə Bakir Səfərov barədə konkret arqument ortaya qoya bilməyib. Sadəcə, onun hansısa xəyali hadisələrdən xəbərdar ola biləcəyi ehtimalını irəli sürüb. Buna baxmayaraq, ittiham tərəfinin 13 il həbs cəzası tələb etməsi açıq şəkildə amansızlığı nümayiş etdirir.
Qardaşım olduğu üçün demirəm, Bakir Səfərov həm nümunəvi azərbaycanlı, həm də indiyədək olduğu kimi bundan sonra da inanıram ki, nümunəvi Rusiya vətəndaşı olaraq qalacaq bir insandır. Yönəlmiş bu ləkələr ona yapışmayacaq. Bakir Səfərova münasibətdə aydın görünür ki, Rusiya hakimiyyəti üçün hazırda nə haqq, nə də ədalət meyarı əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, Rusiya tərkibində yüz illər yaşamış xalqlara bir növ girov, təzyiq vasitəsi kimi yanaşır: "Azərbaycanlılar, gürcülər, qazaxlar, taciklər və Qafqazın digər xalqlarına münasibət bunu açıq şəkildə göstərir. Onlara nə öz vətəndaşı kimi dəyər verilir, nə də başqa xalqların nümayəndəsi kimi hörmət göstərilir".
S.Hüseynli onu da vurğulayıb ki, bu ilin yanvarın 20-də rəmzi bir tarixdə təsis olunmuş “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi bu məsələni təkcə Azərbaycan hüdudlarında deyil, bütövlükdə region və beynəlxalq müstəvidə ortaya qoymağı planlaşdırır: "BMT və digər təsisatlarda Rusiyada ayrı-ayrı xalqların nümayəndələrinə, etnik azlıqlara olan amansız davranış, ayrı-seçkilik siyasətinin sübut olunması ilə bağlı fəal çalışmaq əzmindəyik. Faktiki materiallar, analitik təhlillər əldə var və yeniləri hazırlanır.
Yekaterinburqda qurulan məzhəkə göstərdi ki, bu istiqamətdə ardıcıl çalışmaq lazımdır. Dünən ukraynalılara, bu gün azərbaycanlılara, sabah digər xalqlara münasibətdə Rusiyanın davranışları ortaya çıxa bilər. Dünya ictimaiyyəti, ictimai təşkilatları qətiyyən biganə qalmamalıdır".
O, hazırda məhkəməsi gedən digər azərbaycanlılara qarşı irəli sürülən iddiaları da absurd adlandırıb:
“Diasporumuzun keçmiş rəhbəri Şahin Şıxlinski ilə yanaşı, Şücaəddin Rəcəbov, Akif Səfərov, Ayaz Səfərov, Kamal Səfərov, Məzahir Səfərova qarşı da uydurma ittihamlar verilib. Tutulan Səfərovlar mənim əmim oğlanları deyil, yaxın qohumlarımdır. Atamın qardaşı olmayıb, çünki babam Hüseyn təəssüf ki, II Dünya müharibəsində Sovet qoşunlarının tərkibində müharibəyə cəlb olunub və orada da həlak olub. Onun adını daşıyan qardaşım Hüseyni Rusiya müxtəlif böhtanlar, üstünə yağdırılan şərlə həbs edib öldürdü. Bu da taleyin qəribə acı ironiyasıdır. Aylardır bu insanlar qanunsuz şəkildə həbsdə saxlanılır. Bakir Səfərova qarşı bu qədər insafsız yanaşma onu deməyə əsas verir ki, digər azərbaycanlılarla bağlı ittihamlar ya uydurmadır ya da xeyli dərəcədə şişirtmədir. Ömrü boyu heç bir kriminala bulaşmamış Bakir Səfərova olan qanunsuzluq Rusiya hüquq-mühafizə orqanlarının digər sahələrdəki fəaliyyətini də şübhə altına alır. Bundan sonra başqaları haqqında olan ittihamlara necə inana bilərəm?! Çünki gözümün qabağında Bakir Səfərova qarşı saxta cinayət işi var və ittihamçı özünün fantaziyalarıylamı, yoxsa “yuxarı”nın tapşırığınamı əsaslanıb 13 ilk cəza istəyir”.
S.Hüseynli Rusiyada aparılan məhkəmə prosesini yaxından izləyə bilmədiyini qeyd edib: “Özüm nəinki indi, ömrüm boyu Yekaterinburqa getməmişəm. Getməyin də mənası yoxdur. İstintaq, məhkəmə prosesi qapalı keçirilir, vəkillər və doğmalarım vasitəsilə prosesi izləyirəm. Yaxınlarının görüşünə bir və ya iki dəfə qısamüddətli görüşünə icazə verilib. Hazırda Yekaterinburq və Rusiyanın ayrı-ayrı ərazilərində yaşayan azərbaycanlılar və ailə üzvlərimizin vəziyyəti ilə bağlı çox böyük narahatlıq var. Bundan sonra dinc azərbaycanlılarla bağlı orada hansısa hadisə baş versə, Rusiya hüquq-mühafizə orqanlarının hər hansı əməliyyatı olsa, bütün məsuliyyət Rusiya hakimiyyətinin üzərinə düşür. Təəssüf ki, bu yanlış yoldan geri durmaq istəmirlər. Rusiyaya loyal, mülayim, mehriban davranış sərgiləyən Azərbaycan və azərbaycanlılara qarşı güc strukturlarının belə davranışı göstərir ki, onlar bu gərginlik ocağını son həddə qədər körükləmək fikrindədirlər”.