BAKI, 23 yanvar. TELEQRAF

“Ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə vermək mənim üçün böyük şərəfdir. Görüşlərdə parlament diplomatiyasının formalaşması müzakirə olunub və bu, hər iki dövlət arasındakı əlaqələrin möhkəmlənməsində böyük imkan yaradır”.

Teleqraf xəbər verir ki, bu sözləri İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.

“Bu görüş zamanı mən İspaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirdiyimi çatdırdım. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqton Sammitində imzalanmış razılaşmadan sonra başlayıb. Arzumuz budur ki, müvafiq şərait yaradıldığı təqdirdə, bu proses onilliklərlə davam edən münaqişəyə son və rifah və əməkdaşlıqla səciyyələnən yeni mərhələnin əsasını qoyacaq sülh sazişi ilə nəticələnsin. Bu prosesi istiqamətləndirməli olan prinsiplər - beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü hər iki parlament üçün ortaq dəyərlərdir. Zəfər Muzeyində Azərbaycanın şəhidlərinin adlarını gördüm və bu, mənim üçün dərin təsir hissi yaratdı”, - o vurğulayıb.

Onun sözlərinə görə, İspaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində ortaq iradə açıq şəkildə ifadə olunub: "Turizm və təhsil sahələrində mövcud olan anlaşma memorandumları kimi razılaşmalar çərçivəsinin genişləndirilməsinin vacibliyini müzakirə etdik. Bu sənədlər Azərbaycanın təhsil sistemində ispan dili və mədəniyyətinin daha geniş yayılmasına töhfə verir və gələcək üçün çox maraqlı perspektivlər yarada bilər".