BAKI, 21 iyun. TELEQRAF

BAKI, 21 iyun. TELEQRAF

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında olduqca mühüm məsələlərdən bəhs edib. Ölkəmizin başçısının çıxışı bu mənada Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətlərini əks etdirən yol xəritəsi kimi xarakterizə olunur. Müasir inkişaf konsepsiyasını, beynəlxalq əməkdaşlıq prioritetlərini, iqtisadi modernləşmə siyasətini və regional liderlik mövqeyini təmin edən Azərbaycan bu gün regional və qlobal məsələlərin müzakirə edildiyi məkan kimi də xüsusi rola malikdir.

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor vurğulayıb ki, Bakının növbəti dəfə belə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal miqyasda artan nüfuzunun, etibarlı tərəfdaş statusunun və beynəlxalq təşkilatlar tərəfindən yüksək etimadla qarşılanan siyasətinin bariz göstəricisidir:

“Dövlətimizin başçısı da çıxışında Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupu arasında formalaşmış səmərəli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətlərinə toxundu. Ölkəmizin ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etməsi tərəflər arasında mövcud olan etimad mühitinin, uzunmüddətli tərəfdaşlığın və birgə fəaliyyətin uğurlu nəticələrinin təzahürüdür. İslam İnkişaf Bankının Azərbaycanda həyata keçirilən sosial-iqtisadi layihələrə verdiyi dəstək, xüsusilə infrastruktur quruculuğu, enerji təhlükəsizliyi, aqrar sektorun inkişafı və regionların sosial-iqtisadi tərəqqisi istiqamətlərində mühüm rol oynayır.

Prezident İlham Əliyevin də çıxışında Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolunu hərtərəfli təhlil edib. Dövlətimizin başçısı qeyd edib ki, müstəqilliyin ilk illərində ölkəmiz hərbi təcavüz, torpaqların işğalı, iqtisadi tənəzzül və daxili siyasi qeyri-sabitlik kimi ciddi çağırışlarla üzləşsə də, sonrakı mərhələdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində sabitlik və inkişaf təmin olunub. Siyasi sabitlik, sosial həmrəylik və iqtisadi dayanıqlılıq Azərbaycanın inkişaf modelinin əsas dayaqları kimi çıxış edərək ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaradıb.

Bunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı uğurlar da olduqca önəmlidir. Ölkəmizin milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, həmçinin müxtəlif beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin qlobal siyasətdə artan nüfuzunun göstəriciləridir. Bu nailiyyətlər Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmin və balanslaşdırılmış diplomatik fəaliyyətinin məntiqi nəticəsi kimi xarakterizə olunub.

Təbii ki, bütün bunlar iqtisadi inkişaf və iqtisadiyyatın şaxələndirilməsi strategiyası əsasında mümkün olub. Son illərdə həyata keçirilən islahatlar nəticəsində qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib və ümumi daxili məhsulda onun payı əhəmiyyətli dərəcədə artaraq 70 faizdən çox olub. Bununla yanaşı, qeyri-neft ixracının genişləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və yeni xarici bazarlara çıxış imkanlarının gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi strateji əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, Azərbaycan bu gün regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi tanınır:
“Xəzər hövzəsinin zəngin enerji resurslarının dünya bazarlarına çatdırılması məqsədilə reallaşdırılan beynəlxalq layihələr ölkəmizin enerji xəritəsində strateji mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatması ölkənin enerji diplomatiyasının uğurlu nəticələrindən biridir və bu coğrafiyanın gələcək illərdə daha da genişlənəcəyi gözlənilir. Ölkəmiz əhmçinin bərpaolunan enerji mənbələrinin inkişafına uzunmüddətli prioritetləri sırasında saxlayır. Məhz imzalanmış beynəlxalq müqavilələr çərçivəsində 2032-ci ilədək ölkədə 8 giqavat gücündə günəş və külək enerjisi istehsal imkanlarının yaradılması planlaşdırılır. Bu təşəbbüslər enerji sektorunun diversifikasiyası, ekoloji dayanıqlılığın təmin olunması, karbon emissiyalarının azaldılması və yaşıl iqtisadiyyatın inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Eyni zamanda bu gün nəqliyyat və logistika sahəsində əldə olunan nailiyyətlər də göz öznündədir. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkəmizin qlobal ticarət marşrutlarında rolunu əhəmiyyətli dərəcədə artırıb. Qarşıdakı dövrdə Azərbaycanın tranzit imkanlarının daha da genişləndirilməsi və ölkə ərazisindən keçən yükdaşımaların həcminin iki dəfə artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

Təbii ki, bütün bunların fonunda ölkəmizdə sosial siyasət sahəsində əldə olunan nəticələr də mühüm amil kimi önə çıxır. Əhalinin rifahının yüksəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və insan kapitalının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən proqramlar nəticəsində yoxsulluq və işsizlik səviyyəsi minimum həddə enib. Bununla yanaşı, təhsil, səhiyyə və sosial infrastrukturun müasirləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir”.

Eldar Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonrakı dövr xüsusi ilə atılan addımlar diqqət mərkəzindədir:

“Uzun illər ərzində Ermənistanın işğal siyasəti nəticəsində ölkəmiz ciddi humanitar problemlərlə üzləşmiş, bir milyondan artıq vətəndaş qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin olunub. Dövlətimizin başçısı da münaqişədən sonrakı dövrdə regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsinin tərəfdarı olduğunu bir daha bəyan edib.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramları uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış məntəqələri salınır, nəqliyyat infrastrukturu yenidən qurulur, enerji və kommunal təsərrüfat obyektləri inşa edilir. Bu məqsədlə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən milyardlarla dollar vəsait ayrılıb. Artıq on minlərlə vətəndaşın öz doğma yurdlarına qayıtması və həmin ərazilərdə sosial-iqtisadi həyatın bərpa olunması həyata keçirilən proqramların uğurlu nəticələrini nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycanın qarşıdakı dövr üçün strateji inkişaf prioritetləri bir daha bəyan edilib. Bu prioritetlər sırasında nəqliyyat-logistika potensialının artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsi, yaşıl enerji layihələrinin genişləndirilməsi, qeyri-neft sektorunun daha da gücləndirilməsi və beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşdirilməsi mühüm yer tutur.

Sözsüz ki, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərini özündə əks etdirən mühüm proqram xarakterli çıxış oldu”.