BAKI, 18 yanvar. TELEQRAF
Prezident İlham Əliyevin Tərtər və Ağdərə rayonlarında bir sıra mühüm sosial obyektlərin, fərdi yaşayış evlərinin, infrastruktur layihələrinin əsasının qoyulmasında və açılışında iştirakı mühüm əhəmiyyətə malikdir. Sözsüz ki, Tərtər və Ağdərə rayonlarında sənaye, energetika, infrastruktur, təhlükəsizlik və sosial sahələri əhatə edən bir sıra mühüm layihələrin açılışının edilməsi bu regionun inkişaf strategiyasına xidmət edəcək başlıca amillər üçün zəmin yaratmış olur.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışının edilməsi, həmçinin “Ağdərə rayonunun “Qozlukörpü” Su Elektrik Stansiyasının isitsmara verilməsi bölgənin inkişafı üçün də mühüm önəm kəsb edir: “Eyni zamanda Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb onlarla səmimi söhbət edib.
Səfər çərçivəsində həmçinin Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə də tanış olub. Baş plan şəhərin müasir şəhərsalma prinsipləri əsasında qurulmasını, yaşayış, ictimai, istehsal və yaşıllıq zonalarının balanslı şəkildə inkişafını nəzərdə tutur. Bununla yanaşı, dövlət başçısı Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub.

Ölkəmizin başçısının Tərtər və Ağdərə rayonlarında sakinlərlə görüşündə səsləndirdiyi fikirlər sözsüz ki, mühüm məqamları özündə ehtiva edir. Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbənin tarixi nailiyyət olduğu, bu qələbənin ölkəmizin suverenli və ərazi bütövlüyünün bərpası ilə nəticələndiyi dövlət başçısı tərəfindən bəyan edildi. Vurğulandı ki, belə bir tam və əhatəli qələbə son 80 il ərzində digər heç bir ölkə tərəfindən əldə edilməmişdir.
2020-ci ilin Vətən Müharibəsindən və 2023-cü ilin antiterror tədbirlərindən sonra Azərbaycan dövləti tərəfindən azad edilmiş ərazilərdə böyük quruculuq-bərpa işləri icra edilir. “Böyük Qayıdış” proqramına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurun siması hər ötən gün dəyişir. Bu mənada Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa olunur. Artıq azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesindən sonra keçmiş köçkünlərin qayıdışı təmin edilir. Bu gün azad edilmiş ərazilərdə 73 min insan daimi olaraq yaşayır, işləyir və təhsil alır”.
Eldar Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin Tərtər və Ağdərə rayonlarına səfəri ölkənin postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və inkişaf strategiyasının növbəti təzühürüdür: “Uzun illər cəbhə xəttində yerləşən Tərtər rayonu Ermənistanın silahlı qüvvələrinin təxribatlarına ən çox məruz qalan ərazilərdən biri olub. Müharibədən sonrakı dövrdə isə Tərtər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rayona səfəri zamanı aparılan genişmiqyaslı bərpa işləri, infrastruktur layihələri və sosial obyektlərin fəaliyyəti ilə tanışlıq bu dəyişikliklərin real nəticələrini ortaya qoyur.
Səfər çərçivəsində dövlət başçısına yol-nəqliyyat infrastrukturu, suvarma sistemləri, enerji təminatı və kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər barədə məlumat verilib. Xüsusilə kənd təsərrüfatı potensialının bərpası Tərtərin iqtisadi gələcəyi baxımından strateji əhəmiyyət daşıyır. Bu gün isə uzun illər təhlükə altında yaşayan bölgə artıq sabitlik və inkişaf mühitində yaşayacaq və güclü, qalib Azərbaycan dövləti buna zəmanət verir”.