BAKI, 13 yanvar. TELEQRAF
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Ölkəmizin başçısı artıq ənənəvi olaraq yerli televiziya kanallarına müsahibəsində görülən işlər və qarşıdakı dövrdə icra edəcək məsələlərin yol xəritəsini bəyan edir. Ünvanlanan sualları ətraflı və tam dolğun şəkildə cavablandıran dövlətimizin başçısı ötən ilin ölkəmiz üçün bütün sahələrdə uğurla müşahidə edildiyini qeyd edib. Vurğulanıb ki, 2025-ci ildə əldə edilən nailiyyətlər fonunda Azərbaycanın enerji ixracı, regional əməkdaşlıq və bu sahədə əldə olunan nailiyyətlər, infrastruktur layihələrinin icrası, rəqəmsal və texnoloji inkişaf, sosial, əmək bazarı ilə yanaşı digər proqramlar uğurla icra olunub.
Eyni zamanda müəyyənləşmiş strategiyaya uyğun olaraq 2026-cı ilin də ölkəmizin bütün sahələrində müvəffəqiyyətlərlə yadda qalacağına əminlik mövcuddur. Həmçinin ölkənin daxili və xarici siyasət prioritetləri, regional proseslərə baxışı, eləcə də postmünaqişə dövründə qarşıya qoyulan strateji hədəflər bir daha diqqətə çatdırılıb.
Müsahibədə səsləndirilən fikirlər dövlətin mövcud siyasi kursunun ardıcıllığını və uzunmüddətli inkişaf strategiyasını aydın şəkildə əks etdirir.
- Post münaqişə dövrü ilə bağlı verilən əsas mesajlar nədən ibarətdir?
- Ölkə başçısının müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərində formalaşmış yeni siyasi reallıqlara toxunaraq münaqişənin artıq hərbi mərhələsinin arxada qaldığını, hazırkı mərhələdə sülh və əməkdaşlıq üçün real imkanların mövcud olduğu vurğulanıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəyişməz qaldığı, regionda davamlı sülhün yalnız qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması əsasında mümkün olduğu bir daha qeyd olunub. Təbii ki, bu yanaşma Azərbaycanın regional siyasətinin konstruktiv xarakter daşıdığını və qarşıdurmadan deyil, əməkdaşlıqdan çıxış etdiyini göstərir. Eyni zamanda, Prezidentin bəyanatları sülh prosesində məsuliyyətin qarşı tərəfin üzərinə də düşdüyü mesajını ehtiva edir.

- “Böyük Qayıdış” proqramının icrası bağlı ilə bağlı görülən işlərin əhəmiyyətini necə xarakterizə etmək olar?
- Prezident müsahibəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə, eləcə də “Böyük Qayıdış” proqramının icrasına dair ətraflı məlumat verdi. Dövlət başçısı infrastruktur layihələrinin, yaşayış məntəqələrinin, sosial obyektlərin planlı şəkildə inşa olunduğunu və mərhələli qaydada əhalinin doğma torpaqlarına qayıdışının təmin edildiyini vurğuladı.
Bu siyasət sosial ədalətin bərpası ilə yanaşı, uzunmüddətli regional inkişafın və dayanıqlı məskunlaşmanın əsasını təşkil edir. Prezidentin açıqlamaları göstərir ki, bərpa prosesi yalnız fiziki infrastrukturla məhdudlaşmır, eyni zamanda iqtisadi və sosial həyatın tam canlandırılmasını hədəfləyir.
Ölkə başçısı müsahibəsində həmçini enerji sahəsində əldə olunan nəticələrə də toxundu. Azərbaycan qazının ixrac coğrafiyasının genişləndiyini, Avropa və digər bazarlarda ölkəyə olan etimadın artdığı qeyd edildi.
Müsahibədə xüsusi yer tutan əsas mövzulardan biri Azərbaycan-Amerika münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması oldu. Keçmiş ABŞ Administrasiyası dövründə iki ölkə arasında münasibətlərin arzuolunan səviyyədə olmadığı bəyan edildi. Dövlət başçısı haqlı olaraq diqqətə çatdırır ki, 907-ci düzəlişin qüvvədə qalmasının əsas səbəblərindən biri də 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan səriştəsiz və qeyri-peşəkar siyasi idarəetmə idi. Bu gün isə Donald Trampın rəhbərliyi ilə yeni ABŞ Administrasiyası iki dövlət arasında münasibətlərdə yeni müstəviyə yüksəlib. Trampın iştirakı ilə 907-ci düzəlişə faktiki olaraq son qoyulması bunun bariz nümunəsidir.
Burada xüsusi ilə Zəngəzur dəhlizinin açılması istiqamətində ölkə başçısının da bəyan etdiyi kimi ABŞ-in iştirakı ilə əldə edilən razılaşmalar regional kommunikasiya xəttlərinin blokadadan çıxarılması baxımından önəmlidir.
- Ölkə başçısının Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışını necə dəyərləndirirsiniz?
- Prezidentin müsahibəsində Azərbaycan dilinin saflığının qorunması eyni zamanda milli kimliyin, dövlətçiliyin və siyasi müstəqilliyin əsas sütunlarından biri hesab edilir. Azərbaycan xalqı tarix boyu öz dilini qoruyub saxlayıb və onu nəsildən-nəslə ötürməyi bacarıb. Bu gün də xalqımız müasir dövrün çağırışlarına adekvat olaraq öz milli kimliyini xüsusən də dilimizin bütünlüyünü qoruyub saxlayır.
Bu mənada Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın müasir inkişaf mərhələsini, strateji hədəflərini və regional baxışını əhatə edən konseptual sənəd xarakteri daşıyır. Müsahibədə səsləndirilən fikirlər dövlət siyasətinin ardıcıllığını, milli maraqlara əsaslanan müstəqil kursun davam etdirildiyini və postmünaqişə dövründə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu aydın şəkildə ortaya qoyur.
- Eldar müəllim, Azərbaycanda bərpa edilən enerji və yaşıl enerjiyə keçidlə bağlı atılan addımlar göz önündədir. Bu sahədə qarşıda nədən əsas hədəfləri necə xarakterizə edərdiniz?
- Bu yaxınlarda Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında mühüm məsələlərdən bəhs edib. Son illər bərpaolunan enerji növlərinin böyük həcmdə ölkəmizin ümumi enerji sisteminə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Proses bundan sonra da uğurla davam edəcəkdir. Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması istiqamətində xarici investorların cəlbi məsələsi aktualdır. Bununla yanaşı yerli şirkətlərin bu sahəyə marağı artır. Sözsüz ki, atılan bu addımlar Azərbaycanın enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi prosesinin tərkib hissəsidir.
Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə də bu istiqamətdə mühüm işlər görülür. Son beş ildə Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa olunub ki, bu ölkəmizin bərpa edilən və yaşıl enerjiyə olan marağının bariz nümunəsidir. Bu mənada “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın yaşıl enerji hədəflərinə çatmasında mühüm addımdır və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində genişmiqyaslı layihələr həyata keçirilir: Ölkəmiz bu istiqamətdə beynəlxalq tərəfdaşlarla, xüsusilə də “ACWA Power” kimi nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə masir texnologiyaların cəlb olunmasına və ekoloji cəhətdən təmiz enerji istehsalının artırılmasına şərait yaradır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bərpa olunan enerji mənbələri üzrə böyük potensiala malikdir və bu ərazilərin tam şəkildə “yaşıl enerji zonası”na çevrilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.