BAKI, 29 dekabr. TELEQRAF
ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy, Rusiya-Ukrayna müharibəsinin baş çatdırılması ilə bağlı danışıqların növbəti raundu baş tutdu. Bu dəfə Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp Floridada təxminən üç saat bu mövzu ətrafında müzakirə apardılar. 20 maddəlik sülh planının 90 faizinin razılaşdırıldığı açıqlandı. Gözləntilər nədən ibarətdir?
- Görünən odur ki, Rusiya-Ukrayna danışıqları məsələsi sona yaxınlaşır. Çünki Rusiyanın da resursları tükənməz deyil. Hazırda Ukraynanın vəziyyətinin də ürəkaçan olmadığını hər kəs görür. ABŞ də artıq bu müharibənin davam etməsini istəmir. Rusiya ilə daha sıx münasibətlərin qurulması ABŞ-nin strateji maraqlarına uyğundur. Çin ilə Rusiyanın daha çox yaxınlaşması ABŞ üçün sərfəli deyil. Ona görə də, Vaşinqton Pekin-Moskva yaxınlaşmasının qarşısını almağa çalışır. Bunun fonunda Ukrayna məsələsi ABŞ ilə Rusiya arasında iri miqyaslı danışıqların dörddə biri səviyyəsindədir. Yerdə qalanlar isə digər məsələləri əhatə edir. Bunun fonunda ABŞ ilə Rusiya arasında qarşılıqlı maraqlar çərçivəsində müəyyən məsələlərdə razılaşmalar da var.

- Ukrayna ilə bağlı əsas razılaşdırılması çətin olan məsələlər hansılardır?
- İndi üç əsas məsələdə razılığın əldə olunacağı bilinmir. Bu ilk növbədə Donetsk vilayətinin təqribən 14-15 faiz ərazilərinin Rusiyaya verilməsi ilə bağlıdır ki, Kreml hələ də bu torpaqları işğal edə bilməyib. Rusiya Ukraynanın Donetskdən tamamilə çıxmasını israr edir.
- Bunun əvəzində Kreml nə təklif edir?
- Rusiya bunun əvəzində Dneprpetrovsk, Sumi və Xarkov vilayətlərində işğal etdiyi torpaqları Ukraynaya qaytarmağa razılıq verə bilər.
- Zaporojye atom elektrik stansiyası ilə bağlı təkliflər nədən ibarətdir?
- Bu atom elektrik stansiyası ilə bağlı ABŞ-nin təklifləri var. İdarəçiliyi Amerika özündə saxlamaqla əldə edilən enerjinin 50 faizini Rusiyaya, 50 faizini isə Ukraynaya verilməsinin mümkünlüyünü irəli sürür.
.jpg)
- Ukrayna hansı halda bu təkliflə razılaşa bilər?
- Kiyev rəsmi olaraq, Zaporojye atom elektrik stansiyasının ona məxsusluğunu saxlamağa çalışır. Ukrayna stansiyanın Rusiyanın balansına keçməsini istəmir. Amma bu məsələdə də hələ fikir ayrılıqları var.
- Sülh planında təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı təkliflər nədən ibarətdir?
- ABŞ çalışır ki, Ukrayna ilə bağlı təhlükəsizlik zəmanəti daha çox Avropanın üzərinə düşsün. Amma Ukraynanın da bu məsələdə yanaşmaları fərqlidir. Kiyevin mövqeyi ondan ibarətdir ki, NATO əgər Ukraynaya daxil olmursa, ABŞ məhz bu təşkilatın “5-ci” maddəsinə uyğun olaraq ona təhlükəsizlik zəmanəti versin.

- Bu halda isə müharibə öz şiddəti ilə davam edir…
- Amma proseslər sona doğru gedir. Rusiyanın da resursları bitmək üzrədir. Rusların “Böyük vətən” müharibəsi adlandırdıqları müharibə (1941-1945-ci illər) 4 il davam etmişdi. Ukrayna ilə müharibənin isə gələn ilin fevralında 4 ili tamam olacaq. Bu halda Rusiya Prezidenti Vladimir Putinin bunu öz xalqına izahı daha da çətinləşir. Çünki davam edən müharibə Rusiya üçün əlavə iqtisadi problemlər yaradır. Ümumdaxili məhsul gələn il Rusiyada cəmi bir faiz artacaq. Ona görə də Rusiya müharibəni öz şərtləri çərçivəsində bitirmək istəyir. Ukrayna isə daha az güzəştə getməyə çalışır. Amma müharibənin gedişində sona yaxınlaşma hiss olunur. Ola bilər ki, yaxın günlərdə və həftələrdə müəyyən ciddi qərarların verilməsi mümkün olsun.