BAKI, 13 dekabr. TELEQRAF
"Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sənədin heç bir əhəmiyyəti yoxdur. Həmin sənəddə köhnə mövzuların o cümlədən, keçmiş “Dağlıq Qarabağ”, “hərbi əsirlər” kimi absurd iddiaların yer alması məntiqdən uzaqdır. Bu mənada həmin sənəd ürəkbulandırıcı bir mahiyyət kəsb edir".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.
Siyasi şərhçi vaxtilə Avropa İttifaqının Gürcüstana olan dəstəyi fonunda sonradan baş verən hadisələrə də diqqəti çəkib: “Faktiki olaraq, Gürcüstanın Avropa İttifaqına namizədliyi təsdiqlənmişdi. Amma indi Avropa ilə Gürcüstan arasında çox gərgin bir vəziyyət var. Sözsüz ki, Avropa İttifaqı üçün bölgədə ən faydalı dövlət Azərbaycandır. Ticarət dövriyyəsinə, enerji təhlükəsizliyinə, kommunikasiya imkanlarına görə Azərbaycan Avropa üçün ən əlverişli imkanlara malikdir. Sadəcə olaraq, Avropa İttifaqındakı bəzi qüvvələr Ermənistanla müəyyən məsələlərdə razılığa gələrək, Bakıya təsir etməyə çalışır. Bu xüsusda Avropa Parlamentinin Azərbaycanla bağlı çıxarmış olduğu əsassız qərarlar da diqqətdən yayınmır. Nəticədə, bunlar heç nəyi dəyişməsə də, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərə xələl gəlmiş olur”.
Deputat hesab edir ki, Avropa İttifaqının Gürcüstanı bir kənara atıb, cılız Ermənistandan yapışması məntiqdən tamamilə uzaqdır: “Bölgədə Rusiyaya birbaşa bağlı olan Ermənistan Avropa üçün heç nə vəd etmir. Görünür onlar üçün heç bir strateji baxış yoxdur. Avropa İttifaqının məmurları real siyasətdən kənar iş aparırlar. Əldə edilən hansısa kağız parçası ilə Azərbaycana təsir etməyi düşünürlərsə də, yanılırlar. Sabah Avropadan gəlib Azərbaycana hansısa təkliflərlə çıxış etdikdə isə onları burada eşidən olmayacaq”.