BAKI, 3 noyabr. TELEQRAF

Prezident İlham Əliyevin regionlara səfəri, yeni iş yerlərinin sənaye müasissələrinin, ictimai iaşə obyektlərinin, yol və körüpülərin və digər zəruri infrastruktur layihələrinin açılışı və təməlqoyması ilə xarakterizə edilir. Bu baxımdan da dövlət başçısının ölkəmizin bölgələrinə hər bir səfəri əlamətdar hadisələrlə müşahidə olunur.

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, bu gün Azərbaycanın hər bir bölgəsində genişmiqyaslı bərpa-quruculuq işləri uğurla icra edilməkdədir: “İşğaldan azad edilmiş bölgələrimizlə yanaşı digər regionlarda ölkəmizin ümumi inkişaf strategiyasına uyğun olan proqramlar ardıcıl şəkildə icra olunmaqdadır.

Bu mənada Prezident İlham Əliyevin Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Quruculuq-abadlıq, sahibkarlığın dəstəklənməsi və sənaye müəssisələrinə investisiyaların yatırılması baxımından təşəbbüslər ölkəmizdə hər zaman təşviq edilib.

Dövlətimizin başçısının da Sabirabada səfəri burada sahibkarlığın və aqrobiznesin inkişaf etdirilməsi, sosial-iqtisadi inkişafı hədəfləyən addımların təşviqi baxımından əhəmiyyətli idi. Sənaye məhəlləsinin yaradılması regionda emal sənayesinin inkişafı baxımından önəmlidir. Atılan bu addımlar daxili tələbatı ödəməklə yanaşı, ixracı təşviq edərək, yeni iş yerlərinin və sosial layihələrin də icrasına da təkan verəcək”.

Deputat qeyd edib ki, Prezidentin İmişli rayonunda analoji layihələrə tanışlığı bu mənada əhəmiyyətli oldu: “Eyni zamanda ölkə başçısının Cəbrayıl rayonuna səfəri və burada yenidənqurma və bərpa işləri ilə yerində tanışlıq, yeni yaşayış məntəqələrinin əsasının qoyulması, artıq öz doğma yurdlarına qayıdan sakinlərlə görüşü qürurvericidir.

Bu gün Böyük Qayıdış proqramına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur öz tarixinin yeni mərhələsini yaşayır. Qısa zamanda bu bölgələrdə ən müasir standartlara cavab verən körpülər, tunellər elektrik stansiyaları, müasir standartalara cavab verən yollar tikilib. Həmçinin az müddətdə bu bölgədə 3 beynəlxalq aeroportun açılışı edilib. Bütün bu işləri isə Azərbaycan dövləti öz imkanları hesabına həyata keçirir. Ölkəmizin başçısının liderliyi ilə Qarabağ və Şərqi Zəngəzur cənnətməkana çevrilir. Artıq Şuşa, Laçın, Xankəndidə keçirilən mötəbər tədbirlər bunu bariz nümunəsidir.

Böyük Qayıdış konsepsiyasına uyğun olaraq azad edilmiş ərazilərimizdə görülən işlər Azərbaycan dövlətinin inkişaf strategiyasının mahiyyətini ehtiva edir. Bu baxımdan da Prezident İlham Əliyevin Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin ölkə regionlarına, xüsusilə də işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri son illərin ictimai-siyasi həyatında mühüm hadisələrdən biridir”.

Eldar Quliyev vurğulayıb ki, bu gün Cəbrayıl və Zəngilan rayonlarında ən müasir infrastruktur qurulur: “Yaşayış məntəqələrinin, yolların, elektrik stansiyalarının, körpülərin və hava limanlarının tikintisi Azərbaycan dövlətinin bu torpaqlara yalnız simvolik deyil, həm də strateji və sosial-iqtisadi baxımdan dönüş gətirmək niyyətini nümayiş etdirir. Şuşa, Laçın, Xankəndi kimi şəhərlərdə keçirilən beynəlxalq tədbirlər, konfranslar və mədəni layihələr bu ərazilərin yeni dövrdə regional mərkəzlərə çevrildiyini göstərir”.