BAKI, 22 sentyabr. TELEQRAF

Biz tarixi hadisələrin həm şahidi, həm də iştirakçısıyıq. Son 5 ilin hər günü bizim hər birimiz üçün şərəflidir. Çünki, Azərbaycan ədaləti bərpa etdi, öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi. Erməni işğalı nəticəsində dağılmış kənd və şəhərlərimiz yenidən qurulur. Keçmiş məcburi köçkünlərimiz böyük ruh yüksəkliyi ilə öz doğma yurdlarına qayıdır. Bu günlərdə Qarabağda keçmiş məcburi köçkünkərlə görüş zamanı Prezident İlham Əliyevin qeyd etdi ki: “Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir”.

Bu sözləri Teleqraf-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, bu həqiqətən də belədir: “Biz hər gün uğur, qələbə qazanırıq. Sentyabr ayı Azərbaycan xalqının təqvimində xüsusi bir aydır. Əlamətdar tarixlərlə doludur. Həmin günlər ölkəmizin, xalqımızın tarixini dəyişdirən mühüm mərhələlərə çevrildi. Vətən Müharibəsi 44 gün çəkdi, ancaq Qələbəyə gedən yol daha uzaqdan başlayırdı. Bir vaxtlar ulu öndərimiz Heydər Əliyevin müdrik uzaqgörənliklə səsləndirdiyi bir fikri xatırlatmaq istərdim. O deyirdi ki: “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir”. Zaman göstərdi ki, o nə qədər haqlıdır. Özündən çox inandığı Prezident İlham Əliyev onun bu fikirlərini reallığa çevirdi. Əgər ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa, cənab İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi. Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımla birlikdə ölkəmizin nüfuzunu qaldırdı bütün dünyaya inkişafa, sülhə, mədəniyyətə, insanlığa açıq olan, müsbət impuls ötürən bir Azərbaycan təqdim etdi. İqtisadi imkanların artması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi-bunlar ölkə başçısının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycan hər gün bu müqəddəs mübarizəyə yaxınlaşırdı. Müasir silahlar və peşəkar hərbi kadrlarla formalaşan Ordumuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Xalq-ordu-iqtidar birliyi bizi ən mühüm ideya uğrunda bütövləşdirdi. Bütün bunlar gərgin zəhmətin nəticəsidir. Ümumiyyətlə, müstəqillik tariximizdə sentyabr ayının xüsusi yeri var. 31 il bundan əvvəl “Əsrin müqaviləsi” bağlandı. Bu ölkəmizin iqtisadi, siyasi tarixində mühüm hadisə idi”.

Komitə sədri bildirib ki, 5 il əvvəl Vətən Müharibəsi başladı və 44 gün ərzində Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoydu: “2 il bundan əvvəl isə ölkənin bütün ərazisində Konstitusiya quruluşunun bərpa edilməsi üçün lokal xarakterli antiterror tədbirləri keçirildi. Və artıq 2 ildir ki, sentyabrın 20-i Dövlət Suverenliyi Gününü qeyd edirik. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə isə şəfa arzulayırıq!”

Azərbaycanın nüfuzunu təkcə regionda deyil, dünyada artır. Hansı sahəyə baxsaq orada inkişaf, nailiyyət görərik. Artıq Azərbaycan regionda yeni reallıq yaradıb. Prezident İlham Əliyev təkcə Azərbaycanın lideri deyil. O, dünya səviyyəli siyasətçi kimi beynəlxalq aləmdə tanınır. Bu da təbii prosesdir - güclü və açıq siyasət nümayiş etdirən, beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərən, istənilən vəziyyətdə konstruktiv dialoqa can atan siyasətçi hamı tərəfindən hörmətlə qarşılanır”.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edib: “Ölkəmizdə separatçılığın kökü kəsilib. Cənab İlham Əliyev Azərbaycanı ucaltdı və bütün dünyaya sübut etdi ki, ölkəmiz qüdrətli, köklü dövlətdir, dünyanın aparıcı dövlətlərinin müqaviməti ilə üzləşsə belə, istənilən məqsədə çatmağa qadirdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin parlaq strategiyasının bəhrəsidir. Bu strategiyanın mahiyyəti güclü iqtisadiyyata, uğurlu diplomatiyaya, döyüşə hazır orduya malik dövlət yaratmaqdan ibarətdir. Azərbaycan Prezidenti ilk növbədə öz ölkəsinin maraqlarından çıxış edir. Cənab İlham Əliyev öz ölkəsinin və xalqının rifahını düşünməklə bütövlükdə regionun və dünyanın mənafeyə töhfə verməyə çalışır. Prezident Azərbaycan ətrafında əlverişli, dinc, sabit və mehriban mühitin yaradılmasına çalışır. Bu mühit regionumuzu, qonşu ölkələri, Azərbaycanın geniş dost və tərəfdaş dairəsini əhatə etməlidir. Dövlət başçımız İlham Əliyevin siyasi müdrikliyi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan daha da güclənəcəkdir. Biz hamımız buna inanırıq”.