BAKI, 2 sentyabr. TELEQRAF

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində olduqca mühüm məsələlərdən bəhs edib. Dövlətimizin başçısının bu müsahibəsində səsləndirdiyi fikirlər bölgədə baş verən proseslər və qlobal müstəvidəki hadisələrlə vacib yol xəritəsi kimi dəyərləndirilir. Ölkəmizin başçısı Ermənistanla sülh müqaviləsi ilə yanaşı regional və qlobal müstəvidə baş verənləri tam dəqiq təhlil edib.

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, Prezident İlham Əliyev müsahibəsində, ABŞ Prezident Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla avqustun 8-də Vaşinqtonda baş tutan görüşü Cənubi Qafqazda müharibə mərhələsinin başa çatması kimi xarakterizə edib: “Ölkəmizin başçısı bəyan edir ki, Vaşinqtonda paraflanmış sənədin Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın mövqelərinə əsaslanır. Bu bir reallıqdır ki, Vaşinqton anlaşması 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə başlanan sülh danışıqlarının məhz ölkəmizin maraqlarına uyğun şəkildə məntiqi sonluğa çatdırılması idi. İmzalanmmış Birgə Bəyannamədə isə Azərbaycanın bütün tələbləri təsbit edilib. Bununla Azərbaycan və Ermənistan ATƏT-in baş katibinə de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciət ünvanlayıb. Bununla da 30 ildə heç bir müsbət fəaliyyəti ilə xarakterizə olunmayan Minsk Qrupu tarixin arxivinə göndərildi. Əldə edilən digər mühüm nəticə isə Zəngəzur dəhlizinin açılması – Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi ilə bağlı olan razılaşma idi. Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsi məsələsi yekun sülh sazişinin imzalanması üçün əsas tələb kimi bir daha beynəlxalq ictimaiyyətin gözü önündə bəyan edildi. Təbii ki, növbəti mərhələ bu razılaşmanın praktiki müstəvidə icrasıdır. Ermənistan tərəfi üzərinə götürmüş öhdəlikləri icra etməkdən boyun qaçırarsa, bu artıq onun beynəlxalq müstəvidə qarşılaşacağı bir məsələ kimi dəyərləndirilir. Ölkəmizin başçısı da müsahibəsində bu amillərə dair daha dolğun və əhatəli izahlar verməklə bölgə üçün yeni imkanlar olduğunu, Ermənistan tərəfinin də bundan faydalana biləcəyi amilini önə çəkdi. Qeyd edildi ki, regional kommunikasiya xəttlərinin açılması heç bir halda hansısa ölkənin sərhədlərini bağlamır və heç bir ölkəni blokadaya salmır. Bu dəhliz ancaq qarşılıqlı əməkdaşlığa və inkişafa tövfə verəcək”.

Eldar Quliyev həmçinin Prezident İlham Əliyevin müsahibəsində Qərbi Zəngəzurun ermənilərə verilməsinin tarixinə bir daha nəzər salmasından bəhs etdi: “Ölkəmizin başçısı XX əsrin əvvəllərində baş vermiş siyasi konfiqurasiyalardla Azərbaycanın tarixi ərazilərindən biri kimi Qərbi Zəngəzurun ermənilərə güzəştə gedildiyini vurğulayıb. Bununla Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru yolla bağlantı kəsilib. II Qarabağ müharibəsindən sonra Azərbaycan digər məsələlər kimi Naxçıvana maneəsiz keçidlə bağlı da siyasi-diplomatik müstəvidə bir çox işlər görüb. Faktiki olaraq son 5 ildə – 2020-ci ildən etibarən Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar davam edib. Sadəcə olaraq Ermənistan tərəfi öhdəliyini yerinə yetirməmək üçün müxtəlif yollara əl atıb. Amma bütün bunlara baxmayaraq Prezident İlham Əliyevin qətiyyəli mövqeyi sayəsində nəhayət, Vaşinqton anlaşmasında Zəngəzur dəhlizinin açılması rəsmiləşdi. Çünki Zəngəzur dəhlizi təkcə Şərqlə Qərbi – Avropanı Asiya ilə deyil, Şimalla Cənubu – Rusiya və İranı da birləşdirir, Fars körfəzinə yeni çıxış imkanı yaradır.

Dövlətimizin müsahibəsində son zamanlar Rusiya Azərbaycan münasibətlərində yaranmış gərginliyin də məhz qarşı tərəfin məhsuliyyəti öz üzərindən atmaq cəhdi və ölkəmizə, xüsusən də bu ölkədə yaşayan soydaşlarımıza qarşı aqressiya ilə bağlı olduğunu diqqətə çatdırıb. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasına görə bütün məsuliyyət bu ölkənin üzərində düşdüyü vurğulanıb. Azərbaycan məsuliyyətli dövlət kimi hər zaman ortaya çıxan məsələlərdə heç vaxt öz məsuliyyətindən imtina etməyib. Ona görə də, bu gün Azərbaycanla bağlı məsələlərdə atılacaq addımlar daha çox qarşı tərəfin məsuliyyət dairəsinə aiddir. Eyni zamanda Prezident İlham Əliyev müsahibəsində türk dövlətləri arasında birliyin günü-gündən möhkəmləndiyini və bunun sülhə əməkdaşlığa söykəndiyini, Türk Dövlətləri Təşkilatının artan mövqeyindən bəhs edib”.